“Bu gün dünyada təxminən 100 münaqişə ocağı mövcuddur. Azərbaycan torpaqlarını tam azad edərək münaqişəyə son qoyan yeganə ölkədir. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və qətiyyətli siyasət nəticəsində bu gün ölkəmiz dünyada orta gücə çevrilib”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan bütün bu tarixi nailiyyətlərə qısa müddətdə nail olub:
“Eyni zamanda, böyük qürur və fəxrlə qeyd etməliyik ki, Prezidentin rəhbərliyi ilə bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Azərbaycan yalnız torpaqlarını azad etməyib, həm də qısa müddətdə ermənilərin viran qoyduğu əraziləri yenidən dirçəldərək cənnətə çevirib. Beləliklə, bu büdcəni də qələbə büdcəsi adlandıra bilərik.
Dövlət büdcəsinə gəldikdə, əvvəlki illərdə olduğu kimi, 2027-ci ilin büdcəsində də bir çox sahələrə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu da dövlətimizin artan gücünü və qüdrətini göstərir. Büdcədə vəsaitlərin artırılması nəzərdə tutulan sahələrdən biri də elm və təhsildir. Bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini nümayiş etdirir. Eyni münasibəti digər sahələrdə də görürük. Bununla yanaşı, bir sıra sahələrlə bağlı təkliflərimi də səsləndirmək istəyirəm.
Birincisi, Prezident Yeni Azərbaycan Partiyasının qurultayında ideoloji tərbiyənin yalnız fiziki amillərlə məhdudlaşmadığını xüsusi vurğulayıb. Bu baxımdan məktəblər və uşaq bağçaları hazırkı dövrdə həm də ideoloji mərkəz rolunu oynamalıdır. Bu müəssisələrə yanaşmada şəffaflıq və qənaətlə yanaşı, onların ideoloji funksiyası da əsas meyarlardan biri olmalıdır”.
C.Məmmədov xatırladıb ki, ötən il bir sıra bölgələrdə fəaliyyət göstərən məcburi köçkün məktəblərinin əhalinin mərhələli şəkildə məskunlaşdırılması prosesi ilə paralel olaraq optimallaşdırılmasını təklif edib:
“Lakin ötən il bəzi məktəblərin fəaliyyəti optimallaşdırılarkən məskunlaşma prosesi nəzərə alınmadı və ya həmin məktəblər fəaliyyət göstərdikləri ərazilərin təhsil idarə və sektorlarının tabeliyinə verildi. Bu il aidiyyəti strukturlardan həmin məsələyə daha həssas yanaşılmasını xahiş edirəm.
İkinci məsələ sertifikasiya ilə bağlıdır. Bu istiqamətdə iki məqama toxunmaq istəyirəm. Sertifikasiyadan keçən müəllimlərin əməkhaqlarının dövlətimiz tərəfindən artırılması onlara göstərilən yüksək diqqət və qayğının göstəricisidir. Bu addım yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, hesab edirəm ki, əməkhaqqı artımında tətbiq edilən 10 və 35 faizlik nisbətə yenidən baxılmasına ehtiyac var. Bu nisbətin ən azı 10, 25 və 35 faiz şəklində müəyyənləşdirilməsini təklif edirəm.
Digər məqam isə sertifikasiyadan keçə bilməyən, lakin uzun illər təhsil sahəsində çalışan təcrübəli müəllimlərlə bağlıdır. Sertifikasiya ümumilikdə uzunmüddətli prosesdir və bu prosesdən keçə bilməyən təcrübəli müəllimlərimiz də var. Onların əməkhaqlarının az da olsa artırılması həmin insanlara böyük dəstək olar”.
Deputatın növbəti təklifi ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin əməkhaqlarının müəyyən qədər artırılması ilə bağlı olub:
“Əgər bu, mümkün deyilsə, heç olmasa, elmi dərəcələrə görə ödənilən əlavələrin məbləğinin artırılması məsələsinə baxılmasını təklif edirəm. Bu gün Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülür. Aqrar sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi də bir sıra mühüm layihələr həyata keçirir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə əhalinin torpaqla daha sürətli təmin olunması prosesinə əlavə dəstək göstərilməsini xahiş edirəm.
Digər bir məsələ məktəblər kimi klubların və kitabxanaların da hazırkı dövrdə ideoloji mərkəz rolunu oynamasıdır. Bu müəssisələrə yanaşmada şəffaflıq və qənaətlə yanaşı, onların ideoloji funksiyası da nəzərə alınmalıdır. Bu baxımdan həmin müəssisələrin bağlanması və işçilərin ixtisarı ilə bağlı qərarlar qəbul edilərkən də qeyd etdiyim məqamın xüsusi diqqətdə saxlanılmasını xahiş edirəm.
Yuxarıda qeyd etdiyim kimi, bu gün işğaldan azad olunmuş ərazilərdə böyük işlər görülür. Mənim təmsil etdiyim Cəbrayıl rayonunda da Prezidentin birbaşa diqqət və qayğısı ilə mühüm layihələr həyata keçirilir. Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Hazırda Cəbrayıl rayonunun Şükürbəyli kəndində çox gözəl orta məktəb və musiqi məktəbi tikilir, müəyyən işlər görülür. Hər iki müəssisənin fəaliyyətə daha tez başlamasının təmin olunması məsələsinin xüsusi diqqətdə saxlanılmasını xahiş edirəm.
Bu gün ölkəmizə qarşı aparılan ideoloji mübarizədə əsas hədəf kütləsi gənclərdir. İdeoloji işin, eləcə də gənclər təşkilatlarının, gənclər mərkəzlərinin və olimpiya mərkəzlərinin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə əlavə dəstək mexanizmlərinin hazırlanmasını təklif edirəm.
Bir məqamı da qeyd etmək istəyirəm. İllər əvvəl Prezidentin birbaşa diqqət və qayğısı ilə din xadimlərinə maddi dəstək göstərilməsinə başlanılmışdı. Hesab edirəm ki, imkan daxilində bu dəstəyin müəyyən qədər artırılması məsələsinə yenidən baxılmalıdır.
Bu gün işğaldan azad olunmuş ərazilərdə dini-tarixi abidələr ən yüksək səviyyədə təmir və bərpa olunur. Bu, çox mühüm məsələdir. Eyni zamanda, təklif edirəm ki, digər bölgələrimizdə yerləşən tarixi dini abidələrin də mərhələli şəkildə təmiri məsələsi gündəmdə saxlanılsın. Çünki bu abidələr milli kimliyimizi və tariximizin qədimliyini nümayiş etdirir. Bu baxımdan həmin məsələyə də həssas yanaşılmasına ehtiyac var”.
Safura Bənnayeva
Globalinfo.az