“2022–2026-cı illərdə ümumi daxili məhsulun orta illik artımının 2,7% təşkil edəcəyi proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunda orta illik artımın isə 5,2% olacağı gözlənilir ki, bu da strategiyada müəyyən edilmiş hədəflərdən yüksəkdir”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, cari ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul 1,7%, qeyri-neft-qaz sektoru isə 2,9% artıb:
“2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla, 2022–2026-cı illərdə qeyri-neft-qaz sənayesində orta illik artımın 6%-ə yaxın, nəqliyyatda 8% ətrafında, informasiya və rabitə sahəsində 13%-dək, turizm sektorunda isə 18% təşkil edəcəyi gözlənilir. Cari ilin ilk 10 ayında qeyri-neft-qaz sənayesində artım 5,9%, nəqliyyatda 10,2%, informasiya və rabitə sahəsində isə 9,9% təşkil edib.
Nisbətən aşağı artım tempinin müşahidə olunduğu sahələrə gəldikdə, 2022–2026-cı illərdə kənd təsərrüfatında orta illik artımın təxminən 2%, 2026-cı ilin ilk 10 ayında isə 1,4% olduğu bildirilir. Ticarət sahəsində bu göstəricilər müvafiq olaraq 3,5% və 3,8%, sosial və digər xidmətlər sahəsində isə 2,9% və 1,4% təşkil edib”.
Nazir bildirib ki, qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənliklər nəzərə alınmaqla konservativ yanaşma əsasında hazırlanıb:
“Proqnozlarda büdcə siyasətində son illərdə tətbiq edilən fiskal optimallaşdırma prinsipləri əsas götürülüb. Bunlara əsaslı xərclərin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə edilməsi və daha az xərclə daha yüksək nəticələrin əldə olunması daxildir. Bu şərtlər daxilində 2027-ci ildə ÜDM 2,7% artacağı gözlənilir. 2027–2030-cu illərdə orta illik iqtisadi artımın 3,3%, qeyri-neft-qaz sektorunda isə 4,4% olacağı proqnozlaşdırılır. Həmin dövrdə qeyri-neft-qaz sənayesində orta illik artımın 7%-dən, informasiya və rabitə sahəsində 11%-dən, turizm sektorunda isə 8%-dən yüksək olacağı gözlənilir. Nəqliyyat sektorunda bu göstəricinin təxminən 5%, kənd təsərrüfatında isə 3,8% təşkil edəcəyi proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2025-ci ildəki 71,5%-dən 2030-cu ildə 82%-ə yüksələcəyi gözlənilir”.
Safura Bənnayeva
Globalinfo.az