BƏƏ-nin paytaxtı Əbu-Dabidə ABŞ-Ukrayna-Rusiya üçtərəfli danışıqları ərəfəsində ərazi güzəştlərinin də nəzərdən keçirildiyinə dair iddialar yayılıb.
“Ekonomist” nəşri də “ərazi mübadiləsi”nin müzakirə edildiyini yazıb. Lakin Kreml “mübadilə” iddiasını dərhal təkzib edib.
Məlumata görə, Rusiya üçtərəfli görüşdən sonra xəritə yayıb və sadəcə orada yer alan ərazilər daxilində Ukraynanın mövcudluğunu tanıyacağını bildirib.
Yayılan xəritədə nəinki Donetsk, Luqansk və Krım, eyni zamanda Xerson (Odessanın sərhədinə qədər), Zaporojye vilayətinin əhəmiyyətli hissəsi və digər əraziləri də Rusiyanın ələ keçirdiyi əks olunub.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya nümayəndələri arasında keçirilən üçtərəfli danışıqların əsas mübahisə mövzularından biri ərazi məsələsi idi:
“Görüşdən əvvəl mətbuatda Vaşinqtonun mümkün ərazi güzəştləri və hətta ərazi mübadiləsi variantlarını müzakirəyə çıxardığı barədə məlumatlar yayılmışdı.
Məsələnin mahiyyəti ondadır ki, Rusiya danışıqları yalnız mövcud cəbhə xəttinin dayandırılması üzərində deyil, Ukraynanın ərazi və təhlükəsizlik gələcəyinə dair geniş tələblər əsasında aparmağa çalışır. Kiyevin bu yanaşmanı qəbul etməməsi isə sülh razılaşmasının qarşısındakı əsas maneələrdən biri olaraq qalır.

Qabil Hüseynli
Ərazi mübadiləsi qarşılıqlı güzəşt və razılaşma tələb edir. Rusiya isə Ukraynadan təkcə işğal etdiyi əraziləri deyil, nəzarətində olmayan, lakin özünə aid olduğunu iddia etdiyi torpaqlardan da imtina etməsini tələb edir. Bu isə kompromisdən daha çox, Ukraynanın mövcud reallıqla barışmağa məcbur edilməsi cəhdi kimi görünür.
Ərazi məsələsi yalnız hərbi nəticələrin rəsmiləşdirilməsi deyil, gələcəkdə Ukraynanın suverenliyinin və təhlükəsizlik imkanlarının məhdudlaşdırılması vasitəsinə çevrilə bilər. Çünki ərazi güzəştləri ilə yanaşı, Rusiyanın Ukraynanın hərbi potensialı və NATO ilə münasibətləri barədə də tələbləri mövcuddur.
ABŞ-ın mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Vaşinqton müharibəni dayandırmaq üçün tərəfləri müəyyən kompromislərə yaxınlaşdırmağa çalışır. Lakin burada əsas sual güzəştlərin hansı tərəfdən və hansı şərtlərlə ediləcəyidir. Əgər danışıqların nəticəsi Ukraynanın ərazi güzəştləri müqabilində konkret və etibarlı təhlükəsizlik təminatları əldə etməməsi olarsa, belə razılaşmanın uzunmüddətli sülh gətirəcəyi şübhə doğurur”.
Turan Rzayev
Globalinfo.az