2eb30050 688b 46bb b750 140cc4203780

Moldova hakimiyyəti Dnestryanı bölgənin “lideri” Vadim Krasnoselskinin ölkəni tərk etməsinə beş il müddətinə qadağa qoyacağını açıqlayıb.

Globalinfo.az-ın məlumatına görə, bu qərar onun Moskvaya səfərindən və Rusiya Prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılmasından sonra gündəmə gəlib.

Krasnoselski noyabrın 15-də Moskvadan qayıdaraq Kişinyov Beynəlxalq Hava Limanına enib. Onun ölkəyə qayıtmasını Moldova hökumətinin sözçüsü Dmitri Çioriç təsdiqləyib.

Çioriç bildirib ki, sərhəd nəzarəti prosedurları başa çatdıqdan sonra Krasnoselski barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək. Bunlara onun Moldova Respublikasının dövlət sərhəd-keçid məntəqələri vasitəsilə beş il ərzində ölkədən çıxmasına qadağa qoyulması da daxildir.

Məlumata görə, Krasnoselski hava limanında xüsusi nəzarət prosedurlarından keçirilib. O, Moskvaya həyat yoldaşı ilə birlikdə səfər edib.

Xatırladaq ki, noyabrın 4-də Vladimir Putin Moskvada Krasnoselskiyə Rusiya Federasiyasının “Şərəf” ordenini təqdim edib. Bundan sonra, noyabrın 5-də Moldova hökuməti onun ölkəyə qayıdacağı təqdirdə məhdudlaşdırıcı tədbirlərlə üzləşəcəyini açıqlamışdı.

Tahir Turan
Globalinfo.az

Paylaş: