6af89e475e1cb6af89e475e1cc17946783436af89e475e1c76af89e475e1c9

ABŞ-da bütün hava limanlarından uçuşların bir neçə saatlıq dayandırılmasına səbəb olan genişmiqyaslı nasazlığın kiberhücumla əlaqəli olmadığı müəyyən edilib.

Globalinfo.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın nəqliyyat naziri Şon Daffi mətbuat konfransında bildirib.

“Kiberhücum olubmu? Başqa bir ölkə bu şəbəkəyə hücum edibmi? Bu barədə çoxlu suallar verilib. Biz belə hesab etmirik”, – nazir deyib.

Onun sözlərinə görə, müvafiq qurumlar hadisədə kiberhücum və ya xarici qüvvələrin iştirakına dair heç bir əlamət aşkar etməyiblər.

Daffi bildirib ki, nasazlıq ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) sistemində aparılan texniki işlər zamanı yaranıb.

Nazirin sözlərinə görə, FAA-nın uzaqda yerləşən obyektlərindən birində “L3Harris” şirkəti mis rabitə kabelini fiber-optik kabellə əvəz edirmiş. Ehtimallara əsasən, ya dəyişdirmə işləri düzgün aparılmayıb, ya da sistemə nasaz marşrutlaşdırıcı quraşdırılıb.

Bu isə ABŞ üzrə hava nəqliyyatının fəaliyyətində genişmiqyaslı fasiləyə səbəb olub.

Şon Daffi bildirib ki, hazırda uçuşların idarə olunması ilə bağlı avadanlığın fəaliyyəti tam bərpa edilib. Bununla belə, aviareyslərdə əlavə gecikmələrin və ləğvlərin olacağı gözlənilir.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma davam etdirilir.

Paylaş: