Deputat Zahid Oruc dağlıq və sərhəd kəndlərində yaşayan əhali üçün kommunal tariflərə güzəştlərin tətbiqini təklif edib. O bildirib ki, Bakı və Abşeronla müqayisədə Gədəbəy, Daşkəsən, Lerik, Şahbuz və Qusarın yüksək dağ kəndlərində iqlim şəraiti kəskin fərqlənir. Bəzi yaşayış məntəqələrində ailələr evlərini yeddi-səkkiz ay qızdırmağa məcbur olurlar. Zahid Oruc sərt iqlim şəraitində yaşayanlar üçün istehlak limitlərinin ləğvini və güzəştli tariflərin tətbiqini təklif edir.
Dövlət ucqar kəndlərdə kommunal güzəştlərə gedə bilərmi?
Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabirin (Abdullayeva) fikrincə, dağlıq və sərhəd kəndlərində yaşayan əhali üçün kommunal tariflər üzrə güzəştlərin tətbiqi aktual məsələlərdən biridir:
“Çünki Azərbaycanın müxtəlif bölgələrində iqlim şəraiti, yaşayış xərcləri və enerji tələbatı eyni deyil. Xüsusilə Gədəbəy, Daşkəsən, Lerik, Şahbuz və Qusar rayonlarının yüksək dağlıq kəndlərində qış mövsümü daha uzun və sərt keçir. Belə ərazilərdə yaşayan ailələr ilin yeddi-səkkiz ayı evlərini qızdırmaq məcburiyyətində qalırlar. Bu isə onların qaz və elektrik enerjisi üzrə xərclərini əhəmiyyətli dərəcədə artırır”.
Professorun sözlərinə görə, dağlıq və sərt iqlimli ərazilərdə yaşayan əhali ayrıca istehlakçı kateqoriyası kimi müəyyənləşdirilə bilər:
“Alternativ olaraq, kommunal xərclərin müəyyən hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi də mümkündür. Belə yanaşma həm əhalinin sosial yükünü azaldar, həm də regionlar arasında yaşayış şəraiti ilə bağlı fərqlərin müəyyən qədər yumşaldılmasına xidmət edər”.
Rəsmiyyə Sabir
R.Sabir bildirib ki, digər mühüm məsələ ucqar kəndlərdə çalışan müəllim və həkimlərin sosial təminatıdır:
“Doğrudur, dağlıq ərazilərdə işləyənlər üçün əməkhaqqına əlavələr və müəyyən həvəsləndirmə mexanizmləri mövcuddur. Lakin bu ərazilərdə kadr çatışmazlığının aradan qaldırılması, eləcə də mütəxəssislərin iş yerlərini tərk etməsinin qarşısının alınması üçün əlavə dəstək tədbirlərinə ehtiyac var.
Xüsusilə ucqar dağ kəndlərində müəllim və həkim çatışmazlığı ciddi problemlərdən biridir. Məsələyə yalnız kommunal güzəştlər prizmasından yanaşmaq kifayət deyil. Dağlıq və sərhəd kəndlərinin spesifik sosial-iqtisadi xüsusiyyətlərini nəzərə alan ayrıca dövlət təşviq proqramının hazırlanmasına ehtiyac var. Bu proqram çərçivəsində kommunal subsidiyalarla yanaşı, kənd yollarının yaxşılaşdırılması, internet və rabitə xidmətlərinin genişləndirilməsi, səhiyyə və təhsil infrastrukturunun gücləndirilməsi, fermerlərə güzəştli kreditlərin verilməsi, yerli sahibkarlığın və turizmin inkişafı kimi istiqamətlər də əhatə olunmalıdır”.
Professorun fikrincə, dağlıq və sərhəd kəndlərində kommunal güzəştlərin tətbiqi sadəcə əhalinin gündəlik xərclərinin azaldılması məsələsi deyil:
“Bu, regional inkişafın sürətləndirilməsi, məşğulluğun artırılması və əhalinin öz doğma yaşayış yerlərində qalmasının təmin edilməsi ilə bağlı daha geniş sosial-iqtisadi siyasətin tərkib hissəsi olmalıdır. Dövlət bu ərazilərdə yaşayan insanların üzərinə düşən əlavə iqtisadi yükü nəzərə almalı, onların həyat şəraitinin yaxşılaşdırılması və həmin yaşayış məntəqələrinin dayanıqlı inkişafı üçün kompleks dəstək mexanizmləri formalaşdırmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az