image 10

İran hakimiyyəti qaz emalı infrastrukturuna dəyən ziyan və qarşıdan gələn qış mövsümündə yarana biləcək təchizat problemləri səbəbindən əhalini təbii qazdan daha qənaətlə istifadə etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, İranın neft naziri vəzifəsini icra edən Həmid Bovard sosial şəbəkə hesabında müraciət edərək qaz təchizatının hazırda fasiləsiz davam etdiyini, lakin istehlakın azaldılmasının vacibliyini vurğulayıb.

“Fədakar həmkarlarımızın yorulmaz səyləri sayəsində qaz təchizatı fasiləsiz davam edir. Bununla belə, vətəndaşlardan qarşıdakı soyuq günlərdə qaza qənaət etmələrini xahiş edirəm”, – deyə Bovard bildirib.

Nazirin bu çağırışı Cənubi Pars qaz yatağının 14-cü fazasında yerləşən zədələnmiş platformaya səfərindən sonra səsləndirilib. Səfər zamanı o, işçilərin vəziyyəti, hasilat itkilərinin kompensasiyası və qaz emalı infrastrukturunun bərpası ilə bağlı görülən tədbirlər barədə məlumat alıb.

Qeyd edək ki, ABŞ və İsrailin hərbi zərbələri nəticəsində İranın bir neçə qaz emalı müəssisəsinə ziyan dəyib. İran rəsmilərinin məlumatına görə, ölkənin qaz istehsal gücü əvvəlki səviyyə ilə müqayisədə təxminən 25 faiz azalıb. 

Tahir Turan
Globalinfo.az

Paylaş: