Baki irevan 1919111 900x523 1

Azərbaycan Ordusunun 30 il sonra işğaldan azad etdiyi bölgələrdə mina təhlükəsi hələ də qalmaqdadır. Rəsmi Bakı dəfələrlə bölgədə minalanmış ərazilərin xəritələrini Ermənistandan tələb etsə də, nə İrəvandan cavab gəlib, nə də beynəlxalq miqyasda hər hansı dəstək təklif edilib.

Globalinfo.az-a danışan türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar deyib ki, məsələnin özü olduqca çətindir:

“Normalda nizamlı hərbi birləşmələr yerləşdirdikləri minaların xəritəsini tərtib edirlər. Özü də burada ən kiçik minalar belə göstərilir. Ermənilər bu cür ediblərsə, xəritələr onlarda olmalıdır. İnsanlıq naminə bu xəritələr mütləq Azərbaycana verilməlidir. Amma dərdləri Azərbaycanın işini çətinləşdirməkdirsə, bunu verməyə və Bakının suallarından yayınmağa çalışa bilərlər.

Ermənistan bu yolla Azərbaycandan intiqam almağa da çalışa bilər. Əslində, belə bir xəritə varsa, amma verilmirsə, deməli, intiqam alınmasına çalışılır. Mina təmizləmə işi, inanın, çox çətin və məşəqqətli bir işdir. Bu, çox ağır iqtisadi fəsadlara və insan tələfatına yol aça bilən prosesdir. Düşünün, söhbət hektarlarla ərazidən gedir və siz harada mina olduğunu bilmirsiniz. Bu minaları riskləri gözə alaraq müəyyən etməli, daha sonra məhv etməlisiniz. Prosesi peşəkar komandalar həyata keçirir ki, bu da onlar üçün də təhlükəlidir.

WhatsApp Image 2026 11 13 at 09.41.22 7
Abdullah Ağar

İşin bir də təbii tərəfi var. Ermənilərdə bu xəritələr olsa belə, minalar zamanla yerini dəyişə bilər. İqlim şəraiti, relyef, yağış və qarın buna yol açması mümkündür. Ən pisi isə Ermənistanın intizamsızlıq edərək minalanmış ərazilərin xəritəsini həqiqətən də çıxarmamış olmasıdır. Belə bir ehtimal da gözləniləndir.

Ermənilər müharibə zamanı çox səhv bir addım atdılar. Mina traktorları ilə əraziləri minaladılar. Müharibənin gedişində Azərbaycan əsgəri gələcək deyə minaları səpdilər. Bax, belə minaların xəritəsi həqiqətən də olmur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: