Rusiya Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlarda Donbasın tamamilə təhvil verilməsi və Finlandiyanın NATO-dan çıxması kimi sərt tələblər irəli sürüb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, “Bild”in xəbərinə görə, bu şərtlər qeyri-rəsmi danışıqlarda müzakirə olunan planlardan birində yer alıb.
Plana əsasən, Rusiya Ukraynanın işğal altındakı ərazilərini öz nəzarətində saxlamalı, həmçinin, Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olan hissələri də daxil olmaqla, bütün Donbası əldə etməlidir.
Eyni zamanda, Ukrayna bloklara qoşulmamaq statusunu qəbul etməli və NATO-ya üzvlükdən imtina etməlidir. Bununla belə, ölkənin Avropa İttifaqına üzvlüyü istisna edilmir.
Təklifdə Odessa və Nikolayev limanlarının demilitarizasiyası, Ukraynanın onlardan hərbi-dəniz bazası kimi istifadə etməməsi, həmçinin Qara və Baltik dənizlərində gəmiçilik azadlığının təmin olunması nəzərdə tutulur.
Rusiya Avropanın təhlükəsizlik arxitekturasının yenidən qurulması ilə bağlı da tələblər irəli sürüb. Bu tələblər Əbu-Dabidəki danışıqlarda Avropa nümayəndələrinə də təqdim edilib.
Moskva NATO-nun Estoniya, Latviya və Litvada hərbi bazalar yerləşdirməsindən imtina etməsini, Finlandiyanın isə alyansı tərk etməsini istəyir.
Plan Moldovanı da əhatə edir. Belə ki, Rusiya Moldovanın Dnestryanı bölgə və Qaqauziyanı birləşdirən federativ respublikaya çevrilməsini təklif edir. Moldovanın Aİ-yə üzv olacağı təqdirdə, həmin bölgələrə müstəqilliklə bağlı referendum keçirmək imkanı verilməsi nəzərdə tutulur.
Bunun müqabilində Moskva Belarusdan nüvə silahlarını və orta mənzilli raketləri çıxarmağa, həmçinin Dnestryanıda yerləşən qoşunlarını geri çəkməyə hazır olduğunu bildirir.
Nəşr qeyd edir ki, bu, danışıqlar çərçivəsində müzakirə olunan təkliflərdən yalnız biridir. Vasitəçilik prosesində, o cümlədən hərbi dairələrlə əlaqəli bir neçə qrup iştirak edir və onlar arasında rəqabət mövcuddur. Rusiya Prezidenti Vladimir Putinin məhz bu planı dəstəkləyib-dəstəkləmədiyi isə məlum deyil.