Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisdə səsləndirilən siniflərdə şagird sıxlığının azaldılması və siniflərin bölünməsi təklifi ilə bağlı münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, nazir müavini deputat Tahir Kərimlinin çıxışından danışıb.
“Tahir müəllim ilk növbədə məktəblərdəki sıxlıq probleminə toxundu. Bu məsələnin müəyyən obyektiv səbəbləri var. Yəqin ki, Bakı, Sumqayıt və Abşeron istiqamətində artan köç prosesini hamımız yaxşı anlayırıq. Eyni zamanda, valideynlərin məktəb seçimi ilə bağlı fərdi istəkləri də mövcuddur və bu seçimlərə müdaxilə etmək, təbii ki, mümkün deyil. Hər bir valideyn övladının məhz istədiyi məktəbdə və sinifdə təhsil almasını arzulayır. Bəzən yaxınlıqdakı başqa məktəbdə sıxlıq daha az olsa da, valideyn övladını həmin məktəbə göndərmək istəmir. Bu baxımdan, məsələ kifayət qədər mürəkkəb və müzakirəyə açıqdır.
Bununla yanaşı, qeyd etmək istərdim ki, son illərdə Bakı, Abşeron və Sumqayıtda məktəblərdə sıxlıq probleminin aradan qaldırılması istiqamətində müəyyən addımlar atılır, yeni məktəblər tikilir”, – deyə o bildirib.
Xatırladaq ki, Tahir Kərimli bu təkliflə çıxış etmişdi: “Bəzi siniflərdə çox sayda şagird təhsil alır. Bir sinifdə 35-40 nəfər şagird olur. Gələcəkdə siniflərin bölünməsi həyata keçirilsin. Bir sinifdə 18 nəfər şagird oxusun. Beləliklə, həm müəllimlər işlə təmin oluna bilər, həm də uşaqlar daha keyfiyyətli təhsil ala bilərlər”.
Safura Bənnayeva
Globalinfo.az