e51cdd43 425a 303d acc1 7d140190358b 1200

“Sentyabrın 7-də Aqrar Subsidiya Şurası kənd təsərrüfatına yeni dövlət dəstəyi mexanizmlərini təsdiq edib. Aqrar sahənin inkişafında mühüm bir mərhələ olan bu addım, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin və aqrar sektora dövlət qayğısının bariz nümunəsidir. Bu konseptual yanaşmanı təqdir edir və tam dəstəkləyirik. İnanırıq ki, doğru qurulan maliyyə dəstəyi mexanizmi kənd təsərrüfatında dönüş yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Deputat qeyd edib ki, bu subsidiya mexanizminin Azərbaycan kəndinin reallıqları ilə uzlaşmayan fundamental çatışmazlıqları da var:

“Hesab edirəm ki, bu çatışmazlıqlar aradan qaldırılmasa, biz heyvandarlıqda və kəndlinin həyatında real müsbət nəticə əldə edə bilməyəcəyik.

İribuynuzlu cins heyvandarlığın təşviqi üçün heyvanbaşına 500 manatdan 1500 manatadək yeni dəstək mexanizmi elan olunsa da, fermer qarşısında minimum 50 baş cins və ya 100 baş mələz heyvan tələbi qoyulub.

Eyni yanaşma xırdabuynuzlu heyvandarlığa da şamil edilib: cəmi 4 manatlıq subsidiyanı almaq üçün fermerin azı 500 baş heyvana və 100 hektar örüş-otlaq sahəsinə sahib olması şərti qoyulub.

Qeyd edim ki, təmsil etdiyim Lerik və Astara rayonlarında bu süni meyarları ödəyə biləcək fermer yoxdur.

Bu yanaşma heyvandarlıqla məşğul olan kiçik və orta kəndli təsərrüfatlarını tamamilə subsidiyadan kənarda qoyur. Dövlət dəstəyi faktiki olaraq yalnız iri aqroparklara və böyük biznesə yönəlir. Belə çıxır ki, dövlət dəstəyini ona ən çox möhtac olan kəndli deyil, böyük biznes subyektləri alacaq. Qənaətimə görə, bu, yanlış və ədalətsiz yanaşmadır, həmçinin dövlət başçısının kəndlinin kəndə bağlanmasını təşviq edən strateji xəttinə ziddir”.

V.Qafarov bildirib ki, yeni subsidiya mexanizmi əsas etibarilə kiçik və orta sahibkarlığa yönəlməli və kəndlini təsərrüfata bağlamalıdır: 

“Buna görə də təklif edirəm ki, iribuynuzlu heyvandarlıqda subsidiyadan yararlanmaq üçün qoyulan 50 baş cins və ya 100 baş mələz tələbi ləğv edilsin. Bunun əvəzinə kəndlini böyüməyə həvəsləndirən stimullaşdırıcı, pilləli sistem tətbiq olunsun. Belə ki:

– 10 başa qədər iribuynuzlu cins heyvanı olana – hər başa görə 300 manat,

10–30 baş cins heyvanı olana – hər başa görə 500 manat,

30 başdan yuxarı cins heyvanı olana isə – hər başa görə 1000 manat verilsin.

Fikrimcə, bu yanaşma iribuynuzlu cins heyvandarlıqla məşğul olan bütün fermerlərin subsidiyadan yararlanmasını təmin edəcək və sağlam rəqabət mühiti yaradacaq.

Həmçinin, xırdabuynuzlu heyvandarlıq sahəsində subsidiyadan yararlanmaq üçün qoyulan 100 hektar örüş tələbi də ləğv edilməli və 500 baş heyvan şərti isə real rəqəmlərə – ən azı 10-20 başa qədər endirilməlidir.

Hesab edirəm ki, yalnız bu ədalətli dəyişikliklərdən sonra subsidiyalar kənddə real dönüş yarada bilər.

Kənd Təsərrüfatı Nazirliyini və Aqrar Subsidiya Şurasını bu mexanizmə yenidən baxmağa çağırıram”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: