musa qasimli eaqs

“İşğal illərində xarabalığa çevrilmiş ərazilərimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilməsindən sonra minalardan təmizlənməsi, dövlət büdcəsi hesabına sistemli, planlı şəkildə tikinti-quruculuq işlərinin aparılması, qısa müddətdə təxminən 100 min nəfərədək keçmiş məcburi köçkün qardaş-bacımızın tikilmiş müasir evlərə köçürülməsi, infrastrukturun qurulması, yeni iş yerlərinin açılması, elm, təhsil və mədəniyyətimizin yenidən qaytarılması, həm dövlətimizin maliyyə-iqtisadi iqtisadi siyasətinin düzgün qurulduğunu, bütün şərtlər nəzərə alınaraq prognozlaşdırıldığını, dəqiq planlaşdırıldığını və sistemli şəkildə həyata keçirildiyini, həm də qurucu, dünya mədəniyyəti yaradan Azərbaycan xalqının üstün zəkasını göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin müavini Musa Qasımlı deyib.

O qeyd edib ki, təhlükəsizliyin, müdafiənin və sabitliyin etibarlı qorunması bütün, o cümlədən sosial-iqtisadi sahədə inkişafı, öz növbəsində sosial-iqtisadi inkişaf isə təhlükəsizliyi, müdafiəni və sabitliyi təmin edir:

“Bir-biri ilə üzvi şəkildə bağlı olan bu məsələlər dövlət büdcəsi layihəsində uğurla əlaqələndirilib. Layihədə bütün digər sahələrlə yanaşı kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ailə, qadın və uşaqların müdafiəsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatların, innovasiyaların və rəqəmsal texnologiyaların dəstəklənməsi xüsusi yer tutur.

Növbəti ildə kənd təsərrüfatına ayrılması nəzərdə tutulan 1 milyard 379 milyon 487 min manat vəsait üstün olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsinə, aqrar istehsalın və fermer təsərrüfatlarının inkişafına, kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsinə, məhsuldarlığın artırılmasına eliarasiya və digər sahələrə yönəldiləcək. Təhsilə xüsusi əhəmiyyət verən, onu millətimizin gələcəyi hesab edən Prezidentimizin siyasəti 2027-ci ilin dövlət büdcəsi layihəsində də öz əksini tapıb. Layihədə təhsil xərclərinə ayrılacaq 5 milyard 99 milyon manat vəsait əsasən ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə, ali təhsilin inkişafına və elmi tədqiqatlarla inteqrasiyasına, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, rəqəmsal təhsilə, müasir texnologiyaların tətbiqinə və təhsil infrastrukturunun inkişaf etdirilməsinə sərf ediləcək”.

Deputat bildirib ki, ölkəmizin elmi potensialının gücləndirilməsi və elmi nəticələrinin iqtisadiyyata tətbiqi işini yaxşılaşdırmaq üçün elm sahəsinə ayrılması nəzərdə tutulan 257 milyon 920 min 835 manat vəsait elmi tədqiqatların və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, təhsil və elmin iqtisadi inkişafla əlaqələndirilməsinə yönəldiləcək:

“Büdcə layihəsində ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin fəaliyyətinə ayrılacaq 4 milyon 700 min manat vəsaitin məişət zorakılığına məruz qalmış şəxslərə dəstək göstərməyə, insan alverinin qurbanlarına kömək etməyə, erkən nikah hallarının qarşısını almağa, sağlamlıq imkanları məhdud olan uşaqlara sosial və psixoloji işin təşkilinə xərclənməsi nəzərdə tutulub. İnanırıq ki, 2027-ci ilin dövlət büdcə layihəsinin qəbulu, yerinə yetirilməsi ölkəmizin bütün sahələrdə qüdrətini daha da artıracaq və irəliyə aparacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: