ABŞ-da 2028-ci ildə keçiriləcək prezident seçkilərində mübarizə apara biləcək potensial namizədlərin adları açıqlanıb.
Globalinfo.az xəbər verir ki, “Reuters” agentliyinin keçirdiyi sorğuda Respublikaçılar Partiyasından vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio, Demokratlar Partiyasından isə senator Con Ossoff və sabiq nəqliyyat naziri Pit Buttigic önə çıxıblar.
Sorğuda respublikaçıların 45 faizi Rubionu, 43 faizi isə Vensi mümkün prezidentliyə namizəd kimi yüksək qiymətləndirib.
Demokratlar arasında isə Ossoff və Buttigic eyni nəticə göstərib. Hər iki siyasətçini respondentlərin 29 faizi dəstəkləyib.
Bununla belə, hər iki partiyada 2028-ci il seçkilərinə hazırlıq prosesi hələ rəsmən başlamayıb. Sorğuda 1705 yetkin ABŞ vətəndaşı iştirak edib.
Araşdırma noyabrın 9-da başa çatıb. Respublikaçılar və demokratlar arasında nəticələrin xəta payı 5 faiz bəndi təşkil edir.
Əliyar Xəlil