maaaas

Hərbçilərə mənzil əvəzinə pul kompensasiyasının verilməsi, hakim və hüquq-mühafizə orqanları əməkdaşlarının maaşlarının artırılması təklifi müzakirələrə səbəb olub. Deputat Qüdrət Həsənquliyev bildirib ki, bu addımlar həm hərbçilərin mənzil probleminin həllinə, həm də məhkəmə və hüquq-mühafizə sistemində korrupsiya risklərinin azaldılmasına kömək edər.

Sitat: “Pul kompensasiyası hərbçilərə yaşayış yerini sərbəst seçmək imkanı yarada bilər. Bu halda onlar istədikləri ərazidə mənzil ala və ya torpaq sahəsi əldə edərək ev tikərlər. Mənzil təminatı üçün ayrılan vəsait yetərli deyil”.

Pul kompensasiyası hərbçilər üçün real təklifdir? Hüquq-mühafizə orqanları əməkdaşları və hakimlərin maaş artımı korrupsiyanın qarşısını nə dərəcədə ala bilər?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hərbçilərin mənzillə təmin olunması əvəzinə onlara pul kompensasiyasının verilməsi iqtisadi baxımdan müzakirə oluna biləcək təklifdir:

“Çünki hərbçilərin hamısının eyni ərazidə yaşamaq və ya mənzil almaq istəyi yoxdur. Bəziləri xidmət etdiyi bölgədə, digərləri isə ailələrinin yaşadığı şəhərdə mənzil almağa üstünlük verə bilər. Pul kompensasiyası onlara bu seçim azadlığını verər. Eyni zamanda, bu, dövlətin mənzil tikintisinə və onun saxlanılmasına çəkdiyi bəzi xərclərə qənaət deməkdir. Lakin burada kompensasiyanın məbləği əsas məsələdir. Əgər verilən pul real mənzil bazarındakı qiymətlərə uyğun olmazsa, mexanizm hərbçilərin mənzil problemini həll etməyəcək. Ona görə də kompensasiya mənzil əldə etmək üçün real maliyyə imkanı yaratmalıdır. Həmçinin hərbçilərin xidmət müddəti, rütbəsi və ailə vəziyyəti də nəzərə alına bilər”.

Akif N%C9%99sirli 900x506 1

Akif Nəsirli

İqtisadçı bildirib ki, polislərin və hakimlərin əməkhaqlarının artırılması ilə bağlı təklifi korrupsiyaya qarşı mübarizənin müəyyən elementlərindən biri hesab etmək olar:

“Çünki insanın üzərinə böyük məsuliyyət qoyulur, ondan qanunlara ciddi əməl etməsi tələb olunur, amma aldığı əməkhaqqı normal yaşayış xərclərini qarşılamağa kifayət etmirsə, bu, müəyyən risklər yarada bilər. Xüsusilə polis əməkdaşlarının üzərinə düşən xidmət yükü və məsuliyyət nəzərə alınmalıdır. Ancaq maaş artımını korrupsiyanın qarşısını alan əsas vasitə kimi qəbul etmək düzgün olmazdı. Yüksək əməkhaqqı alan şəxslər arasında da korrupsiya halları mümkündür. Çünki korrupsiya təkcə maddi təminatla deyil, nəzarət mexanizmləri, məsuliyyət, şəffaflıq və cəzasızlıq mühiti ilə də bağlıdır. Hakimlərin və polislərin əməkhaqları artırılırsa, bununla paralel olaraq onların fəaliyyətinə nəzarət, etik davranış qaydalarının tətbiqi və qanun pozuntularına görə məsuliyyət də gücləndirilməlidir. Əsas məsələ dövlət qulluqçularının və hüquq-mühafizə orqanları əməkdaşlarının elə əməkhaqqı ilə təmin edilməsidir ki, onlar öz maddi problemlərini həll etmək üçün qanunsuz gəlir mənbələrinə meyil göstərməsinlər. Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə yalnız maaş artımı ilə deyil, işlək institusional mexanizmlərlə təmin olunmalıdır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: