Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İrina Vereşçuk ölkə əhalisini qarşıdan gələn qışın çətin keçəcəyinə hazırlıqlı olmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, Vereşçuk bu barədə Hərtərəfli Müdafiə Forumunda çıxışı zamanı danışıb. O, xüsusilə Kiyev sakinlərinə su və digər zəruri məhsulları əvvəlcədən ehtiyatda saxlamağı tövsiyə edib.
Onun sözlərinə görə, Rusiyanın enerji və digər mühüm infrastruktura endirdiyi zərbələr nəticəsində bəzi obyektlər əvvəlki illərdə olduğu kimi sürətlə bərpa edilə bilmir.
“Bu qış mütləq çətin olacaq. Çünki düşmənin infrastruktura məqsədli hücumları nəticəsində zədələnmiş obyektlərin bərpası artıq ötən qışdakı kimi mümkün deyil. Kiyev sakinləri üçün çətin olacaqmı? Bəli, çətin olacaq. Buna görə də hazırlaşmalıyıq. Yaxın zamanda sülhün olması isə inandırıcı görünmür”, – deyə Vereşçuk bildirib.
O, paytaxt sakinlərinə müraciət edərək su və mümkün olan digər zəruri ehtiyatları toplamağı, ətrafdakı tənha və köməyə ehtiyacı olan insanlara dəstək göstərməyi tövsiyə edib.
Tahir Turan
Globalinfo.az