Yəməndə hərbi qarşıdurmanın yenidən intensivləşməsi nəticəsində ölən və yaralananların ümumi sayı təxminən 11 800 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb. Qeyd olunub ki, itkilərin sayı son günlərdə kəskin artıb.
ÜST-ün məlumatına əsasən, noyabrın 8-dək davam edən qarşıdurmalar nəticəsində 2 098 nəfər həlak olub, 9 657 nəfər isə yaralanıb. Beləliklə, ümumi itkilərin sayı 11 755 nəfərə çatıb.
Təşkilatın hesabatında qeyd olunur ki, cəmi doqquz gün ərzində ölən və yaralananların sayı 2 025 nəfər artıb. Bu müddətdə gündəlik orta itki sayı 225 nəfərə yüksəlib.
Ən ağır vəziyyət ölkənin Marib və Lahc əyalətlərində qeydə alınıb. Noyabrın 1-dən 8-dək Maribdə 737 nəfər zərər çəkib, onlardan 163-ü həyatını itirib. Lahc əyalətində isə 707 nəfər ölüb və ya yaralanıb.
ÜST real itkilərin açıqlanan rəqəmlərdən daha yüksək ola biləcəyini də vurğulayıb. Təşkilatın məlumatına görə, yaralıların qeydiyyatı sisteminin əhatə dairəsi məhdud olduğundan mövcud göstəricilər minimum rəqəmlər kimi qiymətləndirilməlidir.
Tahir Turan
Globalinfo.az