
Avropa Komissiyası (AK) rəqəmsal platformaların və onlayn xidmətlərin fəaliyyətinə dair yeni qaydalar paketi təqdim edib. Təşəbbüsün əsas məqsədi istifadəçiləri manipulyativ reklam üsullarından, asılılıq yaradan tətbiq funksiyalarından və qeyri-şəffaf qiymət siyasətindən qorumaqdır.
Globalinfo.az xəbər verir ki, “Wired” nəşrinin məlumatına görə, “Rəqəmsal Ədalət Aktı” (Digital Fairness Act) adlanan qanun layihəsi “Duolingo”, “Strava” və “Ticketmaster” kimi məşhur platformaların fəaliyyətinə də təsir göstərə bilər.
Yeni təklifə əsasən, istifadəçilərə tətbiqlərdə gündəlik aktivliyi qorumaq üçün onları davamlı geri qayıtmağa təşviq edən funksiyaları söndürmək imkanı veriləcək.
Məsələn, “Duolingo”da gündəlik dərs seriyalarının (streak), “Strava”da isə istifadəçini davamlı aktivliyə sövq edən müəyyən funksiyaların deaktiv edilməsi mümkün ola bilər.
Avropa Komissiyası, həmçinin istifadəçiləri alış-verişə məcbur etmək üçün tətbiq edilən manipulyativ üsullara qarşı mübarizə aparmağı planlaşdırır. Belə ki, şirkətlər məhsulun az qaldığı barədə saxta məlumat yayımlaya və ya abunəliyin ləğvini qəsdən çətinləşdirə bilməyəcəklər.
Yeni qaydalar bilet satışına da şamil oluna bilər. Ticketmaster kimi platformalardan dinamik qiymət dəyişiklikləri zamanı daha şəffaf məlumat təqdim etmək, virtual növbələrdə isə cari və mümkün ən yüksək qiyməti göstərmək tələb olunacaq.
Tahir Turan
Globalinfo.az