
Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Mark Sedvil NATO-nu Rusiyaya qarşı daha fəal və hücum xarakterli strategiya həyata keçirməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News”un məlumatında qeyd olunub. Belə ki, Sedvil bu fikirləri Norveçdə Kral Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmidə keçirilən “Atlantic Future Forum” tədbirində səsləndirib.
O bildirib ki, NATO Rusiyaya qarşı hərbi və qeyri-hərbi sahələrdə strateji təzyiq mexanizmləri formalaşdırmalıdır. Onun fikrincə, alyans yalnız müdafiə mövqeyində qalmaqla Moskvanın qarşısını ala bilməz.
“NATO müdafiə alyansıdır, lakin müdafiənin ən təsirli forması çox vaxt rəqiblərimizə qarşı təşəbbüsü ələ almaqdır. Rusiya qarşısında necə strateji dilemmlar yarada bilərik? Onları özlərini təhlükə altında hiss etməyə necə məcbur edə bilərik?”, – deyə Sedvil bildirib.
Keçmiş müşavirin sözlərinə görə, bu strategiya quru, dəniz, hava, kiberməkan və informasiya sahələrini əhatə etməlidir.
Tahir Turan
Globalinfo.az