tehran 99

İranla davam edən müharibənin Fars körfəzi ölkələrinə vurduğu maddi zərər 200 milyard dolları ötüb. Münaqişənin uzunmüddətli iqtisadi nəticələri isə 2030-cu ilədək 790 milyard dollara çata bilər.

Globalinfo.az xəbər verir ki, Almaniyanın sığorta və maliyyə qrupu “Allianz”ın noyabrın 9-da dərc etdiyi hesabatda belə qiymətləndirmə yer alıb. 

Hesabata görə, 2026-2030-cu illərdə region ölkələrinin ümumi iqtisadi istehsalında gözlənilən itki müharibədən əvvəlki proqnozlarla müqayisədə 790 milyard dollar təşkil edə bilər.

Bu, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin həmin dövr üçün proqnozlaşdırılan ümumi daxili məhsulunun 5,9 faizinə bərabərdir.

Müharibə zamanı 80-dən çox energetika obyektinin hücuma məruz qaldığı, onların təxminən üçdə birinin ciddi zərər gördüyü bildirilir. Ən böyük itkilər Hörmüz boğazından enerji ixracı və ticarət baxımından daha çox asılı olan Küveyt, Qətər və Bəhreynin payına düşüb. 

“Allianz” analitikləri münaqişənin turizm, ticarət və daşınmaz əmlak sektorlarına da uzunmüddətli təsir göstərəcəyini proqnozlaşdırırlar. Hesabata əsasən, 2026-cı ildə Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv altı ölkənin iqtisadiyyatı ümumilikdə 4 faiz kiçilə bilər.

Hesabatda qeyd olunur ki, müharibənin nəticələri regionun iqtisadi prioritetlərini də dəyişdirir. Körfəz ölkələrinin gələcək illərdə müdafiə, enerji təhlükəsizliyi, nəqliyyat və strateji infrastruktur layihələrinə daha çox vəsait ayırması gözlənilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: