Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu Ermənistanla sərhəd-keçid məntəqələrinin açılmasına hazırlıqların başa çatdığını açıqlayıb. Nazir bildirib ki, dəmir yolu və Alican avtomobil sərhəd-keçid məntəqələrinin açılması üçün bütün hazırlıqlar görülüb.
Uraloğlunun sözlərinə görə, qarşılıqlı razılıq əldə olunarsa, Azərbaycanın həssaslıqları da nəzərə alınmaqla, sərhəd-keçid məntəqələri qısa müddətdə açıla bilər.
Yekun sülh müqaviləsi imzalanmadan Türkiyə-Ermənistan sərhədinin açılması prosesə necə təsir göstərəcək? Azərbaycanın həssaslıqları dedikdə nə nəzərdə tutulur?
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, burada hər hansı qeyri-adi fikir yoxdur:
“Ortada razılaşma var. Türkiyə rəsmiləri dəfələrlə ən yüksək səviyyədə qeyd ediblər ki, Ermənistan-Türkiyə münasibətləri bərpa olunacaq. Lakin bu, Azərbaycanla münasibətlər bərpa olunduqdan sonra olacaq. Burada əsas problem ondan ibarətdir ki, Ermənistan öz Konstitusiyasında dəyişiklik etməlidir. Həmçinin Konstitusiyanın preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olunmasından imtina edilməlidir.
Mən inanmıram ki, Türkiyə tərəfi Azərbaycan ilə razılaşmanı pozsun. Yəni birtərəfli qaydada Ermənistan ilə münasibətlərin bərpa olunacağını düşünmürəm”.
Turan Rzayev
Globalinfo.az