Azərbaycanda çipslərin aksizli mallar siyahısına daxil edilməsi və yerli istehsal olunan məhsulların hər kiloqramına 1 manat vergi tətbiqi təklif olunur. Bu addımın yüksək duz, şəkər və yağ tərkibli qidaların istehlakını azaltmaq və ictimai sağlamlığı qorumaq məqsədi daşıdığı bildirilir.
Bəs bu addım nə dərəcədə effektiv olacaq?
Globalinfo.az-a danışan iqtisadçı Gündüz Uluxan deyib ki, yüksək duz, doymuş yağ və enerji sıxlığına malik qida məhsullarının həddindən artıq istehlakının məhdudlaşdırılması ictimai sağlamlıq baxımından əhəmiyyətlidir:
“Bu məsələyə yalnız qiymət artımı və sahibkarların əlavə vergi yükü prizmasından yanaşmaq düzgün olmaz. İstehlakçı sağlamlığının qorunması, xüsusilə uşaqlar və gənclər arasında sağlam qidalanma vərdişlərinin formalaşdırılması mühüm ictimai məqsəddir. Bununla belə, çipslərə hər kiloqram üçün 1 manat aksiz vergisinin tətbiqi təklifinin effektivliyini qiymətləndirərkən məhsulun qida tərkibi, istehlakçı davranışı, bazardakı əvəzedici məhsullar və verginin qiymətlərə ötürülmə səviyyəsi nəzərə alınmalıdır. Çipslər əsasən yüksək duz, yağ və enerji sıxlığı ilə xarakterizə olunur. Lakin onların hamısını yüksək şəkər tərkibli məhsullar kimi təsnif etmək düzgün deyil”.
İqtisadçı bildirib ki, təklif olunan 1 manat/kq aksiz dərəcəsi məhsulun çəkisinə uyğun əlavə vergi yükü yaradır:
“Belə ki, 100 qramlıq çipsə 10 qəpik, 150 qramlıq məhsula 15 qəpik, 200 qramlıq məhsula isə 20 qəpik aksiz düşür. Aksiz dolayı vergi olduğundan onun iqtisadi yükü istehsalçı, distribüter, pərakəndə ticarət şəbəkəsi və istehlakçı arasında bölüşdürülə bilər. İstehsalçı əlavə yükü mənfəət marjası hesabına qarşılaya, satış şəbəkələri qiymət artımının bir hissəsini öz üzərinə götürə və ya verginin hamısı son qiymətə ötürülə bilər”.
G.Uluxan vurğulayıb ki, belə vergi mexanizmləri müxtəlif ölkələrdə tətbiq olunur:
“Məsələn, Meksikada 2014-cü ildən enerji sıxlığı yüksək olan, 100 qramında ən azı 275 kilokalori olan qeyri-əsas qida məhsullarına, o cümlədən çips və qəlyanaltılara 8 faiz vergi tətbiq edilir. Araşdırmalara görə, verginin tətbiqindən sonra vergiyə cəlb olunan məhsulların ev təsərrüfatları üzrə alışlarında azalma müşahidə olunub.
Özbəkistanda da 2026-cı il aprelin 1-dən istehlaka hazır kartof çipslərinin hər kiloqramına 15 min som aksiz vergisi tətbiq edilib”.
Gündüz Uluxan qeyd edib ki, çipslərə aksiz vergisinin tətbiqi ictimai sağlamlığın qorunması baxımından əsaslandırıla bilən fiskal alətdir:
“Lakin onun effektivliyi yalnız verginin tətbiqi ilə deyil, istehlakçı davranışını nə dərəcədə dəyişdirməsi, daha sağlam alternativlərə keçidi stimullaşdırması və istehsalçıları məhsulun keyfiyyətini yaxşılaşdırmağa sövq etməsi ilə ölçülməlidir. Sağlamlıq məqsədilə tətbiq edilən vergi sağlam məhsul istehsalını təşviq edən iqtisadi mexanizmlərlə də tamamlanmalıdır”.
İqtisadçının fikrincə, Azərbaycanda əsas diqqət verginin tətbiq mexanizminə yönəlməlidir:
“Birincisi, aksiz yalnız məhsulun adına və ya kateqoriyasına görə deyil, onun qida profilinə uyğun müəyyən edilməlidir. Duz, doymuş yağ və enerji sıxlığı üzrə konkret hədlərin tətbiqi daha sağlam alternativlərin aşağı vergi yükü ilə tənzimlənməsinə imkan verə bilər. Beləliklə, istehsalçılar yalnız qiymətləri artırmağa deyil, məhsulun tərkibini yaxşılaşdırmağa da təşviq olunarlar.
İkincisi, yerli və idxal məhsulları üzrə bərabər rəqabət şərtləri qorunmalıdır. Eyni xüsusiyyətlərə malik məhsula görə yerli istehsalçı ilə idxalçı arasında fərqli vergi yükünün formalaşması yerli istehsalın rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər. Vergi Məcəlləsinin aksizlərə dair ümumi prinsipləri həm yerli istehsalı, həm də idxal olunan aksizli malları əhatə edir.
Üçüncüsü, verginin istehlak davranışına faktiki təsiri mütəmadi ölçülməlidir. Tətbiqdən sonra məhsulun qiymətindəki dəyişiklik, satış həcmi, istehlakçıların alternativ məhsullara keçidi, yerli istehsalçıların rentabelliyi və bazardakı rəqabət dinamikası təhlil edilməlidir.
Nəhayət, aksizdən əldə edilən əlavə büdcə daxilolmalarının müəyyən hissəsinin sağlam qidalanmanın təşviqinə, məktəblərdə qida maarifləndirilməsinə, sağlam məhsulların əlçatanlığının artırılmasına və yerli istehsalın dəstəklənməsinə yönəldilməsi məqsədəuyğun olardı”.
Zaira Akifqızı
Globalinfo.az