kreditler 900x600 2

Noyabrın 10-dan nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarlar üçün yeni kredit qiymətləndirmə meyarı qüvvəyə minib. Yeni qaydaya əsasən, banklara təqdim edilən məlumatlarla kredit bürolarındakı göstəricilər arasında uyğunluq 90 faizdən az olarsa, həmin kredit qeyri-qənaətbəxş aktiv sayılacaq.

Bəs bu dəyişiklik sahibkarların kredit əldə etməsinə necə təsir göstərəcək?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, bu dəyişiklik sahibkarların kredit əldə etməsinə həm müsbət, həm də müəyyən məhdudlaşdırıcı təsirlər göstərə bilər:

“İlk növbədə, banklar sahibkarların real maliyyə vəziyyətini və kredit risklərini daha dəqiq qiymətləndirə biləcəklər. Bu isə nisyə satış bazarında uçotun şəffaflaşmasına, gizli borc öhdəliklərinin azalmasına və maliyyə intizamının güclənməsinə şərait yaradacaq. Məsələn, sahibkarın nisyə satış portfeli 500 min manat olduğu halda, kredit bürosuna təqdim edilən məlumatlarda əhəmiyyətli fərq mövcuddursa, bank həmin sahibkarın maliyyə hesabatlarının etibarlılığını yenidən qiymətləndirməli olacaq”.

İqtisadçı hesab edir ki, qısamüddətli dövrdə bu dəyişiklik bəzi sahibkarların maliyyə resurslarına çıxışını çətinləşdirə bilər:

“Lakin uzunmüddətli perspektivdə nisyə satış bazarının şəffaflaşmasına, bankların problemli kredit risklərinin azalmasına və daha sağlam kredit münasibətlərinin formalaşmasına müsbət təsir göstərə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: