“Prezident İlham Əliyevin Zəfər Günündə məhz Xankəndidən xalqa müraciət etməsi xüsusi məna daşıyır. Çünki Xankəndi uzun illər separatçıların mərkəzinə çevrilmiş, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərin simvolu olmuşdu”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əlabbas Məhərrəmov deyib.
O bildirib ki, həmin şəhərdə Azərbaycan Ordusunun zəfərini əks etdirən Zəfər tağının ucaldılması və Ali Baş Komandan İlham Əliyevin oradan xalqa müraciət etməsi mövcud reallığı nümayiş etdirir:
“Bu reallıq ondan ibarətdir ki, Azərbaycan artıq öz ərazilərinə tam nəzarət edən, suveren və müstəqil dövlətdir. Burada çox ciddi siyasi və mənəvi mesaj da var. Azərbaycan müstəqillik əldə etdikdən sonra öz torpaqlarının işğaldan azad olunması üçün həm beynəlxalq müstəvidə mübarizə apardı, həm də problemin sülh yolu ilə həllinə çalışdı. Lakin təəssüf ki, bu, mümkün olmadı. Yekunda Azərbaycan öz gücünə, ordusuna arxalanaraq ərazi bütövlüyünü bərpa etdi.
Məhz 2023-cü il sentyabrın 20-də Xankəndidə separatizmin mövcudluğuna son qoyuldu. Ölkəmiz Xankəndini də azad etməklə torpaqlarımızın işğaldan azad olunması prosesini bütövlükdə başa çatdırdı və Azərbaycanı bütövləşdirdi.
Əlabbas Məhərrəmov
Prezidentin vaxtilə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” bəyanatının bu gün Xankəndidə rəmzi məna qazanması da təsadüfi deyil. Əslində, həmin bəyanatın sonundakı nida işarəsi Azərbaycanın öz sözünü deməsinin, başladığı işi sona çatdırmasının ifadəsidir”.
Ekspertin sözlərinə görə, vaxtilə separatizmin simvoluna çevrilmiş Xankəndidən bu gün Azərbaycanın Zəfərindən danışılır:
“Bunu da Azərbaycan Ordusunun, ölkəmizi bütövləşdirən ordunun Ali Baş Komandanı bəyan edir.
Prezidentin məhz bu məkandan xalqa müraciət etməsinin əsas mesajı da budur: Azərbaycan artıq bütövdür, öz ərazisinə özü nəzarət edir, tam suverenliyini təmin edib və bu reallıq dəyişməz olaraq qalır”.
Safura Bənnayeva
Globalinfo.az