Bayraq sadəcə bir parçadan ibarət deyil. O, bir xalqın tarixi, mübarizəsi, yaddaşıdır. Onu yüksəklərə qaldırmaq asandır, orda saxlamaq isə…
Bayrağın daşıdığı mənanı anlamaq, yaşatmaq və gələcək nəsillərə ötürmək daha böyük məsuliyyətdir.
Azərbaycan bayrağının tarixində elə məqamlar var ki, onları xatırlamadan üçrəngli bayrağımıza olan sevgimizi tam ifadə edə bilmərik. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilən üçrəngli bayraq milli kimliyimizin rəmzinə çevrildi. Sovet hakimiyyəti illərində bu bayraqdan uzaq düşsək də, onun ideyası xalqın yaddaşından silinmədi.
1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız dövlət bayrağı kimi bərpa edildi. Eyni zamanda, onun Azərbaycanın dövlət bayrağı kimi tanınması üçün müraciət olundu. Bu tarixi addım müstəqilliyə gedən yolda milli dövlətçilik iradəsinin mühüm təzahürü idi. 1991-ci il fevralın 5-də isə üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı kimi qəbul edildi.
Bu gün Bakıda ucalan Bayraq Meydanı da həmin tarixə, milli qürura və dövlətçilik ənənələrinə ehtiramın ifadəsidir. Bayrağımızın möhtəşəmliyi yalnız ölçüsü ilə deyil, onun arxasında dayanan tarixlə ölçülür.
Bayrağı bayram günlərində nümayiş etdirmək, onun qarşısında şəkil çəkdirmək, qürurla dalğalanmasına baxmaq gözəldir… Amma bayrağa həqiqi hörmət onun tarixini bilməkdən, mənasını dərk etməkdən və təmsil etdiyi dəyərləri qorumaqdan başlayır.
Bayraq yalnız göydə dalğalananda deyil, insanların yaddaşında və düşüncəsində yaşadıqda həqiqətən ucalır. Bayrağımız daim dalğalansın!
“Bir kərə yüksələn bayraq, bir daha enməz!”.
Zaira Akifqızı
Globalinfo.az