Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciət edib. Dövlət başçısı çıxışında Azərbaycanın çox çətin bir şəraitdə tarixi zəfər qazandığını vurğulayıb və ölkəmizin hər zaman güclü olmasının zəruri şərt olduğunu bəyan edib.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, tarixi zəfərin növbəti ildönümünü qeyd edərkən qələbəyə gedən yolu da qiymətləndiririk:
“Bu gün ağır və məşəqqətli illərdən necə əzmlə, qətiyyətlə və inamla keçərək tarixi zəfərə nail olduğumuz xatırlanır. Burada ilk növbədə Azərbaycan xalqının və dövlətinin həmrəyliyini ön plana çəkməliyik. Xalqımızın erməni işğalçılarına qalib gəlmək potensialı hər zaman olub. Lakin lidersizlik dövründə torpaqlarımızın işğalına məruz qalmasının qarşısını almaq mümkün olmayıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə zəfərə aparan yolun təməli qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin və ordusunun gücləndirilməsi nəticəsində tarixi qələbəyə nail ola bilmişik. Bu baxımdan, Zəfər Günü həm də milli hesabat günüdür”.
Hikmət Babaoğlu
Deputat bildirib ki, tarixi zəfərin əldə olunmasında mühüm rol oynayan milli həmrəyliyi bundan sonra da qoruyub saxlamaq və daha da gücləndirmək vacibdir:
“Məqsədimiz gələcəkdə daha böyük uğurlara və zəfərlərə imza atmaq olmalıdır. Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayında cənab İlham Əliyev tarixi qələbəmizi qiymətləndirərkən bir daha vurğulayıb ki, biz düşməndən 10 dəfə güclü olmalıyıq. Çünki düşmən bizə bir ox atarsa, biz ona qarşı 10 ox atmalıyıq. Hesab edirəm ki, bu çağırış hər bir azərbaycanlının Zəfər Günündə xatırlamalı və öz fəaliyyətində rəhbər tutmalı olduğu əsas prinsiplərdən biridir. Ona görə də hər birimiz bu məqsədlər naminə çalışmalı, Azərbaycanın qazandığı tarixi zəfərin qorunub saxlanılması və əbədiləşdirilməsi üçün əlindən gələni etməliyik”.
Ləman İmran
Globalinfo.az