qarabg

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı. Bu Zəfər yalnız ərazi bütövlüyünün bərpası baxımından deyil, həm də ölkənin iqtisadi inkişaf perspektivlərinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 30 il ərzində iqtisadi dövriyyədən kənarda qalmış ərazilərin ölkə iqtisadiyyatına qaytarılması Azərbaycana yeni istehsal sahələri yaratmaq, ixrac imkanlarını genişləndirmək, tranzit potensialını artırmaq və qeyri-neft sektorunu inkişaf etdirmək fürsəti verdi.

Zəfərin yaratdığı ən böyük iqtisadi imkanlardan biri Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialının yenidən dövriyyəyə qaytarılmasıdır. Bu ərazilər tarixən taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik və digər aqrar sahələr üzrə ixtisaslaşıb. Torpaqların əkin dövriyyəsinə qaytarılması Azərbaycanın ərzaq təhlükəsizliyinə və idxaldan asılılığın azaldılmasına töhfə verə bilər. Lakin əsas məqsəd yalnız xammal istehsalı olmamalıdır. Aqrar məhsulların emalı, qablaşdırılması, saxlanması və ixracı üzrə müəssisələrin yaradılması regionda daha yüksək əlavə dəyər formalaşdırmağa imkan verəcək.

Digər mühüm istiqamət sənayeləşmədir. Ağdam Sənaye Parkı və Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yeni istehsal müəssisələrinin yaradılması üçün əlverişli platformadır. Tikinti materialları, qida sənayesi, mebel istehsalı, maşınqayırma və logistika sahələrinin inkişafı həm yerli məşğulluğu artıracaq, həm də Azərbaycanın sənaye potensialını genişləndirəcək. Bu proses Qarabağın yalnız istehlakçı deyil, həm də ölkənin digər regionlarını məhsulla təmin edən istehsal mərkəzinə çevrilməsinə şərait yarada bilər.

Zəfərin açdığı strateji iqtisadi imkanlardan biri də Azərbaycanın tranzit və logistika mövqeyinin güclənməsidir. Xüsusilə Zəngəzur Dəhlizi (TRRIP) istiqamətində nəqliyyat bağlantılarının yaradılması Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Şərq-Qərb (Orta Dəhliz) nəqliyyat marşrutlarının genişlənməsinə də imkan verə bilər. Bu, yükdaşımaların, tranzit xidmətlərinin və logistika gəlirlərinin artması üçün yeni perspektivlər açır. Bununla belə, bu imkanın reallaşması regional siyasi razılaşmalardan və infrastrukturun qurulmasından asılıdır.

Energetika sahəsində də Qarabağ və Şərqi Zəngəzurun böyük potensialı var. Kəlbəcər və Laçında hidroenerji, Cəbrayıl və Zəngilanda günəş enerjisi layihələrinin inkişafı Azərbaycanın enerji təhlükəsizliyini gücləndirə bilər. Yaşıl enerji zonasının yaradılması isə ölkənin bərpaolunan enerji istehsalını artırmaq və gələcəkdə elektrik enerjisi ixracını genişləndirmək baxımından əhəmiyyətlidir. Beləliklə, Qarabağ gələcəkdə Azərbaycanın enerji ixracında da mühüm rol oynaya bilər.

Turizm də yeni iqtisadi imkanların mühüm istiqamətlərindəndir. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi və digər ərazilərin tarixi-mədəni irsi, təbii gözəllikləri və mineral su ehtiyatları turizmin müxtəlif növlərinin inkişafına şərait yaradır. Burada hotelçilik, ictimai iaşə, nəqliyyat və xidmət sektorunun genişlənməsi minlərlə yeni iş yeri yarada bilər. Əsas məsələ bu potensialı yalnız daxili turizmə deyil, beynəlxalq turizm bazarına da çıxarmaqdır.

Zəfərin yaratdığı imkanların reallaşmasında xarici və yerli investisiyaların cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan vergi və gömrük güzəştləri, maliyyə dəstəyi və sənaye parklarının yaradılması investorların marağını artırır. Lakin uzunmüddətli iqtisadi inkişaf üçün güzəştlər kifayət deyil. Sahibkarların bazara çıxışı, satış imkanları, ixtisaslı işçi qüvvəsi və sabit biznes mühiti təmin edilməlidir.

Böyük Qayıdış proqramı da iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir. Əhalinin doğma torpaqlarına qayıtması yeni istehlak bazarının yaranması, ticarət və xidmət sektorunun genişlənməsi, əmək resurslarının iqtisadi dövriyyəyə qoşulması deməkdir. Ancaq insanların yalnız mənzillə təmin edilməsi kifayət etmir. Onların daimi iş yerləri və gəlir mənbələri olmalıdır. Əks halda, məskunlaşmanın iqtisadi dayanıqlığını təmin etmək çətinləşəcək.

Bununla yanaşı, bərpa prosesinin ciddi maliyyə yükü yaratdığını da nəzərə almaq lazımdır. Dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına milyardlarla manat vəsait ayrılır. Bu investisiyaların gələcəkdə real iqtisadi gəlir, istehsal, ixrac və məşğulluq yaratması vacibdir. Dövlət investisiyaları özəl kapitalı hərəkətə gətirməli, region tədricən büdcə vəsaitlərindən asılı olmayan iqtisadi sistemə çevrilməlidir.

Digər tərəfdən, mina təhlükəsi, infrastrukturun yüksək istismar xərcləri, ixtisaslı kadr çatışmazlığı və ekoloji problemlər iqtisadi potensialın reallaşmasını ləngidə biləcək amillərdir. Bu məsələlərin həlli bərpa prosesinin ayrılmaz hissəsi olmalıdır.

Nəticə etibarilə, 8 Noyabr Zəfərinin iqtisadi əhəmiyyəti yalnız azad edilmiş ərazilərin yenidən qurulması ilə məhdudlaşmır. Bu hadisə Azərbaycanın iqtisadi coğrafiyasını genişləndirmək, qeyri-neft sektorunu gücləndirmək, yeni ixrac və tranzit imkanları yaratmaq, enerji və turizm potensialını artırmaq üçün tarixi fürsət yaradıb. Qarabağ və Şərqi Zəngəzur gələcəkdə Azərbaycanın yeni iqtisadi güc mərkəzinə çevrilə bilər. Bunun üçün əsas hədəf tikinti və bərpadan istehsala, investisiyaya, sahibkarlığa və ixracyönümlü iqtisadi fəaliyyətə keçidi sürətləndirməkdir. Zəfərin iqtisadi bəhrəsi o zaman tam görünəcək ki, azad edilmiş ərazilər dövlət investisiyalarını gözləyən məkan deyil, öz gəlirini yaradan, əhalisini işlə təmin edən və ölkənin iqtisadi artımına davamlı töhfə verən regiona çevrilsin.

Akif Nəsirli
Globalinfo.az 

Paylaş: