rbi z rbaycanda tarixi abid ni qorumaq n kampaniya ba lad l b 0 1646383860 3

Tədqiqatçı alim Zaur Əliyev və tədqiqatçı Məhbubə Cəfərin həmmüəllifi olduğu, Azərbaycanın 5 minillik dövlətçilik tarixinə işıq tutan 764 səhifəlik “Güzgüdən keçən tarix” tarixi romanı dərc edilib.

Globalinfo.az bildirir ki, kitabın baş məsləhətçisi təqaüddə olan hakim İsmayıl Abdurəhmanlı, redaktoru isə Akademik Zərifə Əliyeva adına liseyin müəllimi Pərviz Ağalarovdur.

Romanda Azərbaycanın qədim arealı olan Qobustan, Gəmiqaya, Əshabi-Kəhf sirri, Əlincə qalası və Azıx mağarası, avtoxton türk damğalarından başlayaraq xalqımızın dövlətçilik ənənələri bədii dillə araşdırılır. Kitabda qədim dövrlərin daşlaşmış kitabələri, ulu əcdadlarımızın piktoqram və mixi yazı sistemləri, neolit inqilabından başlayan dövlətçilik simvollarımız bədii dillə araşdırılır.

Kitabda Zərdüştün fəlsəfəsi, “Avesta”nın ilkin qatları, qədim dövrlərin düşüncələrindən yaranan metafizika, böyük fatehlərin bəşər tarixində buraxdıqları dərin və silinməz izlər təsvir olunur.

Massaget hökmdarı Tomris ananın Kirə qarşı savaşı, Albaniya knyazı Cavanşirin diplomatiyası, Babək, Əbu Müslüm Xorasani, Cavidan ibn Sührək, Əbu İmran, Bəhmənyar, Şihabəddin Sührəvərdi, Şəms Təbrizi, Nəsirəddin Tusi və Elxanilər dövrünün tibb dahisi Mahmud Şirvaninin elmi irsi bədii dillə təhlil olunur.

Sacoğlu Yusif, Mərzban ibn Məhəmməd, Şeyx I İbrahim Dərbəndi, Cahanşah Həqiqi, Həsən padşah, Şah İsmayıl Xətai və Şah I Təhmasibin idarəçilik dövrləri tarixi romanda canlandırılır.

Romanın ən böyük özəlliklərindən biri tarixin kölgəsində qalmış qüdrətli Azərbaycan qadınlarının – Şağab xatun, ilk diplomatımız Sara xatun, qəhrəman Əleykə Könüldaş xatun, Xatun Can bəyim, Məhdi Ülya və Səfəvilərin dəmir iradəli xanımı Pərixan Sultanın dövlət idarəçiliyindəki rolunun müfəssəl təsvir olunmasıdır.

Xaqani Şirvani, Məhsəti Gəncəvi, Rəziyyə Gəncəvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Sadıq bəy Sadiqi, Qurbani, Molla Pənah Vaqif, Cavad xan Ziyadoğlu Qacar, Hacı Çələbi xan, Koroğlu, Heydərqulu xan, böyük Əfşar imperiyasının qurucusu Nadir şah, Ağa Məhəmməd şah Qacar, Fətəli şah Qacar, Abbas Mirzə, II Şah İsmayıl, Məhəmməd Xudabəndə və bu günə qədər haqqında məlumat olmayan digər nadir şəxsiyyətlər barədə romanda geniş məlumatlar əksini tapıb.

Qadın hökmdarların, diplomatların, siyasi rol oynayan xanımların, hökmdarların, sərkərdələrin, dövlət adamlarının, alimlərin, filosofların, təbiblərin, sənətkarların, vəzirlərin və tarixdə imzası olan, bu günə qədər Azərbaycan elmində və tarixində adları belə məlum olmayan şəxsiyyətlərin həyatı və fəaliyyəti romanda geniş işıqlandırılıb.

Eyni zamanda Şərq fəlsəfəsinin, irfan məktəbinin, riyazi və kosmik şifrələrin, eləcə də qədim tibb elminin nəhəng irsi bədii dillə dərindən təhlil olunur.

“Öz güzgüsü olmayan millət başqalarının ona biçdiyi obrazda yaşamağa məhkumdur” ideyasını aşılayan roman hər bir oxucuya kino ssenarisi və filmi kimi təqdim edilir. Kitabı oxuyaraq 5 minillik tariximizə səyahət edə bilərsiniz.

WhatsApp Image 2026 11 06 at 13.22.32

Paylaş: