WhatsApp Image 2026 11 06 at 12.27.08

ABŞ-da keçirilən aralıq seçkilərinin diqqət çəkən nəticələrindən biri Abdul El-Sayedin Miçiqan ştatından Senata seçilməsidir. 42 yaşlı Demokratlar Partiyası təmsilçisi Respublikaçı rəqibi Mayk Rocersi məğlub edərək ABŞ tarixində Senata seçilən ilk müsəlman oldu.

Ümumiyyətlə, son zamanlar ABŞ və Avropanın bir sıra ölkələrində müsəlman icmalarının demoqrafik çəkisi artır, onların siyasi proseslərdə iştirakı genişlənir və bu dəyişikliklər tədricən dövlət institutlarında da öz əksini tapır.

Misal üçün, Böyük Britaniyanın statistikası bu tendensiyanı aydın göstərir. 2011-ci ildə İngiltərə və Uels əhalisinin 4,9 faizi özünü müsəlman kimi təqdim edirdisə, 2021-ci ildə bu göstərici 6,5 faizə yüksəlib. Müsəlman əhalinin sayı 2,7 milyondan 3,9 milyona çatıb. Daha diqqətçəkən məqam isə yaş strukturudur: 2021-ci il siyahıya alınmasına əsasən, İngiltərə və Uelsdə müsəlmanların median yaşı 27 olub. Bu, ölkənin ümumi əhalisinin median yaşından xeyli aşağıdır. Deməli, söhbət yalnız mövcud əhalinin artımından deyil, gələcək seçici nəslin formalaşmasında da payı böyüyən icmadan gedir.

Bu demoqrafik dəyişiklik artıq siyasi təmsilçilikdə də görünür. 2024-cü il parlament seçkilərindən sonra Britaniya İcmalar Palatasında müsəlman deputatların sayı rekord həddə – təxminən 25 nəfərə çatıb. Londonda isə müsəlman mənşəli siyasətçi Sadiq Xanın mer seçilməsi bu prosesin daha əvvəl başlamış nümunələrindən biridir.

ABŞ-da da oxşar dinamika müşahidə olunur. “Pew Research Center”in 2026-cı il məlumatına görə, ölkədə müsəlmanların sayı təxminən 5,5 milyona çatıb. 2007-ci ildə bu rəqəm 2,4 milyon idi. Eyni zamanda, ABŞ-da müsəlman seçilmiş vəzifəli şəxslərin sayı da artır. CAIR təşkilatının 2026-cı il hesabatında ölkənin 26 ştatında müxtəlif səviyyələrdə fəaliyyət göstərən 255 seçilmiş vəzifəli müsəlman şəxs qeydə alınıb. Abdul El-Sayedin Senata seçilməsi bu prosesin indiyədək ən yüksək federal siyasi səviyyədəki nəticəsidir.

Mövqelərdə yenilik

Müsəlman icmaları artıq yalnız seçkilərdə müəyyən namizədlərə dəstək verən sosial qrup deyil, öz siyasi təmsilçilərini irəli sürən, seçki nəticələrinə təsir göstərən və ictimai gündəliyin formalaşmasında iştirak edən siyasi aktora çevrilirlər. Bu isə öz növbəsində “siyasi islamın” tədricən Qərbdə yüksəlməsi deməkdir.

Düzdür, Abdul El-Sayed özünü ilk növbədə Miçiqan seçicilərinin təmsilçisi kimi təqdim edir. Onun siyasi platforması səhiyyənin əlçatanlığı, sosial təminat, iqtisadi bərabərsizlik və korporativ təsirin məhdudlaşdırılması kimi məsələlərə əsaslanır. Eyni zamanda, Qərbdə müsəlman kimliyi ilə tanınan bir sıra siyasətçilər LGBT hüquqlarını, dünyəvi idarəçilik modelini və liberal siyasi gündəliyi dəstəkləyirlər.

Lakin bu məqam ümumi tendensiyanın əhəmiyyətini azaltmır. Əksinə, göstərir ki, Qərbdə müsəlman icmalarının siyasi inteqrasiyası vahid ideoloji xətt üzrə getmir. Onların bir qismi liberal siyasi sistem daxilində fəaliyyət göstərir, digərləri isə dini və mədəni kimliklərinin ictimai-siyasi həyatda daha geniş təmsil olunmasını istəyirlər. Bütün bu fərqli mövqeləri birləşdirən əsas amil isə müsəlman kimliyinin siyasi həyatda əvvəlki dövrlərlə müqayisədə daha görünən və təsirli olmasıdır.

Reallıq ondan ibarətdir ki, demoqrafik çəkisi artan, gənc əhali strukturuna malik olan və siyasi institutlarda daha geniş təmsilçilik qazanan icmanın gələcək seçkilərə və siyasi qərarlara təsiri də artacaq.

Abdul El-Sayedin Senata seçilməsi bu baxımdan sadəcə fərdi siyasi uğur deyil. Bu, ABŞ-da müsəlmanların siyasi təmsilçiliyinin yeni mərhələyə keçdiyini göstərən tarixi hadisədir. Böyük Britaniyada müşahidə olunan demoqrafik və siyasi dəyişikliklərlə birlikdə qiymətləndirildikdə isə daha geniş bir tendensiyanın tərkib hissəsi kimi görünür.

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: