seyfeddin

Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid K.Ə notariusda hüquqşünas kimi çalışdığını deyib:

“Tural bir vətəndaşla bizə yaxınlaşdı, o, özünün vasitəçi olduğunu dedi. Alıcı Vüqar adlı şəxs, etibarnamə Naibə adlı qadının adına idi. Alqı-satqını rəsmiləşdirdik. Bu şəxsi (təqsirləndirilən şəxsə işarə edir) tanımıram. Bir həftə, on gün keçəndən sonra notariusumuz çağırdı ki, etibarnamədə problem var, onu ləğv etmək lazımdır. Biz dərhal əməliyyat keçirib sənədi ləğv etdik, əmlakı qaytardıq. Təxminən bir ay sonra əmlakın sahibi gəlib çıxdı. Biz durumu ona izah etdik, o da polisə şikayət edəcəyini dedi”.

Daha sonra məhkəmə tərkibi sənədlərin tədqiqi mərhələsinə başlandığını bildirib.

Növbəti proses 11 dekabr saat 15:00-a təyin olunub.

Qeyd edək ki, məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.

Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.

Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.

R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.

Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.

Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29,178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Paylaş: