Tülkülərin əhliləşdirilməsi ilə bağlı maraqlı elmi nəticə əldə olunub. Təxminən 70 ildir davam edən araşdırmalar göstərib ki, insanlara qarşı daha mehriban olan tülkülərin beynində aqressiv davranışla əlaqəli neyronların sayı daha azdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “ZME Science” nəşri məlumat yayıb.
Eksperiment 1959-cu ildə Sibirdə başlayıb. Sovet genetikləri xəz fermalarından seçdikləri gümüşü tülkülər arasında insanlardan az qorxan və aqressiya nümayiş etdirməyənləri cütləşdiriblər. Altı nəsildən sonra bəzi tülkü balaları özləri insanlarla ünsiyyət qurmağa can atmağa başlayıblar. Onlarda sallanan qulaqlar və qısa ağız quruluşu kimi ev itlərinə xas xüsusiyyətlər də yaranıb.
1970-ci ildə alimlər müqayisə aparmaq üçün insanlara qarşı aqressiv davranan tülkülərdən ibarət ayrıca qrup yaradıblar.
ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları müasir laboratoriya üsulları ilə doqquz tülkü beynini araşdırıblar. Nümunələrdən üçü mehriban, üçü aqressiv, üçü isə vəhşi tülkülərə aid olub. Məlum olub ki, mehriban tülkülərin beynində aqressiya və sosial davranışla əlaqəli ventromedial hipotalamus nahiyəsində aqressiya ilə bağlı neyronların sayı daha azdır.
Tədqiqatçılar nümunələrin sayının az olduğunu və bu fərqlərin birbaşa əhliləşməyə səbəb olduğunu hələ sübut edə bilmədiklərini bildiriblər.
30 oktyabr 2026-cı ildə “Molecular Biology and Evolution” jurnalında dərc olunan başqa bir araşdırmada da itlərin əhliləşdirilməsi zamanı qorxu və aqressiyanın azalmasının mühüm rol oynadığı qeyd edilib.
Leyla Əlisoy
Globalinfo.az