“Süni intellekt inkişaf etməyə davam edəcək, lakin yaxın gələcəkdə onun fiziki obyektlərə inteqrasiyası da getdikcə daha geniş vüsət alacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Növbəti mərhələdə qaçılmaz olaraq belə bir proses baş verəcək: süni intellekt getdikcə daha çox obyektlərin daxilində yerləşdiriləcək. Bu o deməkdir ki, əgər hazırda süni intellektlə virtual məkanda ünsiyyət qururuqsa, gələcək nəsil onunla real mühitdə qarşılıqlı əlaqədə olacaq.
Yəni hazırda onunla əlaqə saxlayırıq, lakin qarşı tərəfdə kimin dayandığı barədə təsəvvürümüz yoxdur. Gələcəkdə isə qarşımızda konkret görünüşə, formaya, bədənə, eləcə də funksiyalarına uyğun əllərə və ayaqlara malik robot olacaq. Hazırda elm bu transformasiyanı və belə bir görüşü reallaşdırmaq istiqamətində çalışır”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistan hökuməti Fiziki Süni İntellekt Proqramını təsdiqləyib. Proqramın məqsədi İrəvan Dövlət Universitetində, Ermənistan Milli Politexnik Universitetində və Ermənistan Amerika Universitetində robototexnika ilə süni intellektin kəsişməsində beynəlxalq rəqabətədavamlı elmi-tədqiqat və təhsil potensialı formalaşdırmaqdır. Proqramın 7 il ərzində həyata keçirilməsi nəticəsində ən azı 14 milyon dollar investisiya yatırılması nəzərdə tutulur. Vəsaitin yarısı dövlət, digər yarısı isə özəl sektor tərəfindən təmin ediləcək.
Əliyar Xəlil
Globalinfo.az