naxcivan

“Bu, transfertin məbləğini ardıcıl ikinci il azaltmağa çalışdığımız dövr olacaq. Siyasətimizin əsas hədəflərindən biri 2030-cu ilə qədər illik transfertin məbləğini daha 1,5 milyard dollar azaldaraq 2030-cu ildə 5,5 milyard dollarlıq transfert hədəfinə çatmaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, büdcə üzrə əsas məqamları qeyd etdikdə, xüsusi olaraq diqqət çəkən ilk məsələ neftdən asılılığın daha da azaldılmasıdır:

“Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir. Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1% olacaq. Cari illə müqayisədə bu, 1,7 faiz bəndi azdır və fiskal qaydanın tətbiqindən bəri ən yaxşı göstəricimizdir.

Hədəfimiz 2029-cu ildə bu kəsiri ÜDM-in 13%-nə, 2030-cu ildə isə 12%-nə çatdırmaqdır. Beləliklə, büdcənin dayanıqlılığı baxımından ciddi uğur əldə etmiş olacağıq.

Cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinin növbəti ildə proqnoz olaraq 90%-ə çatacağı gözlənilir. 2026-cı ilin proqnozu ilə müqayisədə bu, 2,1 faiz bəndi azdır. 2030-cu ilə, yəni ortamüddətli dövrün sonuna qədər hədəfimiz bu göstəricini 100%-ə çatdırmaqdır.

Bu, dövlət büdcəsinin dayanıqlılığı baxımından əsas fiskal hədəflərimizdən biridir. Planlaşdırırıq ki, dövlət büdcəsinin cari xərclərinin 100%-i qeyri-neft gəlirləri hesabına örtülsün.

İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5%-ə çatacaq. Cari illə müqayisədə bu, 1,5 faiz bəndi çoxdur. 2030-cu il üçün hədəfimiz isə həmin göstəricini 70%-ə çatdırmaqdır. Bu da ciddi uğurdur.

Artıq növbəti ildən etibarən Azərbaycan icmal büdcəsinin təqribən üçdə ikisini qeyri-neft gəlirləri hesabına təmin edəcək. Növbəti dövrdə bu göstəricinin daha da artırılması planlaşdırılır”.

Nazir bildirib ki, büdcə xərcləri sosial-iqtisadi ehtiyaclarımıza uyğun olaraq tərtib edilib:

“İcmal büdcənin xərcləri qeyri-neft ÜDM-in 46,2%-ni təşkil edəcək. Azərbaycanın dövlət büdcəsi regionda ən investisiyayönümlü büdcə olacaq. Qeyd edim ki, dövlət büdcəsinin 32,5%-i əsaslı xərclərə yönəldiləcək. Bu, Azərbaycan hökumətinin ölkənin iqtisadi inkişafına, eyni zamanda, real sektorun inkişafına verdiyi önəmin göstəricisidir.

Hər zaman diqqət mərkəzində olan təhsil və səhiyyə xərcləri də müvafiq olaraq ÜDM-in 3,6 və 1,5%-nə çatacaq.

Bu göstəricilər dünya üzrə yuxarı orta gəlirli ölkələrin müvafiq göstəricilərinə bərabərdir. Düşünürük ki, bu istiqamətdə siyasətimizi ardıcıl olaraq davam etdirəcəyik.

Aqrar sektorun inkişafı ilə bağlı yeni dövlət proqramlarının qəbul edildiyini nəzərə alaraq, bu sahəyə ayrılan vəsaitlə bağlı rəqəmi də qeyd etmək istəyirəm. Növbəti ildə aqrar sektora ayrılan vəsait aqrar ÜDM-in 15,8%-nə çatacaq. Bu göstərici region və MDB ölkələri ilə müqayisədə onların orta rəqəmindən yüksəkdir. MDB ölkələrində bu göstərici orta hesabla 13,2% təşkil edir.

Düşünürəm ki, növbəti uğurlu nəticələrdən biri də dövlət büdcəsində regionların büdcədən asılılığının daha da azalmasıdır. Rayonların dotasiyadan asılılığı isə tamamilə aradan qaldırılıb. Naxçıvana ayrılan dotasiyanın məbləği cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4% azalacaq. Bu, Naxçıvanın yerli gəlirlərinin artması ilə bağlıdır. Beləliklə, büdcənin daha böyük hissəsi Naxçıvanın öz gəlirləri hesabına təmin ediləcək.

İcmal büdcənin gəlirləri 47,6 milyard manata çatacaq. 2026-cı illə müqayisədə 2,6 milyard manat və ya 5,9% artım olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: