“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev enerji resurslarının bahalaşmasının qurumun fəaliyyətinə birbaşa təsir etdiyini açıqlayıb.
Sitat: “Ümumi xərclərdə təbii qazın payı 39,2 faiz, elektrik enerjisinin payı 7,8 faiz, su və kənardan alınan enerjinin payı 2,2 – ümumi 49,2 faizdir. Ona görə qaz və ya elektrik qiymətindəki istənilən artım xərclərimizə dərhal təsir göstərir”.
Bu açıqlama kommunal xidmətlərin tariflərində mümkün artım məsələsini yenidən gündəmə gətirib.
İlham Mirzəliyevin sözügedən açıqlaması artım ehtimalından xəbər verirmi? Yaxın dövrlərdə hər hansı dəyişiklik gözlənilirmi?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda təbii qaz, elektrik enerjisi və suyun qiymətləri bazar iqtisadiyyatının prinsiplərinə uyğun formalaşmır:
“Bu xidmətlərin qiymətlərini dövlət tənzimləyir və müvafiq tariflər Tarif Şurasının qərarları ilə müəyyən edilir. Qaz istehsalçısı olduğumuza görə dünyada baş verən hadisələr, qazın qiymətinin və ya istehlakının artması, əslində, ölkəmizdə tariflərə təsir etməməlidir. Çünki bu qiymətlər inzibati qaydada tənzimlənir”.
Natiq Cəfərli
İqtisadçı bildirib ki, Tarif Şurası və ya Nazirlər Kabineti istənilən vaxt tariflərin dəyişdirilməsi ilə bağlı qərar qəbul edə bilər:
“Lakin Azərbaycanda belə bir addıma hazırda zərurət yoxdur. Çünki kommunal xidmətlərin qiymətlərinin artırılması üçün indiki şəraitdə ciddi iqtisadi əsas yoxdur. Buna görə də yaxın dövrdə tariflərdə dəyişiklik gözlənilmir”.
Ləman İmran
Globalinfo.az