serraf turkan scaled

“Hüseyn Simayi-Sərrafın çağırışını eşidəndə ağlıma gələn ilk sual bu oldu: təhsil hüququndan danışmaq üçün İran rəsmiləri nə qədər uzağa baxmalıdırlar? Çünki bu hüququn pozulmasının ən yaxın nümunələri elə öz ölkələrinin içindədir”.

Bu sözləri Globalinfo.az-a danışan Kanadada yaşayan güneyli hüquq müdafiəçisi, IPEK Mərkəzinin direktor müavini Türkan Bozkurt deyib.

“Mən bunu kənardan müşahidə etmirəm. Güneyli bir azərbaycanlı kimi bilirəm ki, orada uşaq məktəbə ilk gün gedəndə ana dilini qapının ağzında qoyub içəri girməli olur. Evdə Azərbaycan türkcəsində danışan, laylanı, nağılı bu dildə eşidən milyonlarla uşaq sinifdə tamamilə başqa bir dillə üz-üzə qalır. Məktəbdə nə dərsliyi, nə də dərsi öz dilindədir, ali təhsildə də vəziyyət fərqli deyil. Halbuki İranın öz konstitusiyası belə regional dillərdə ədəbiyyatın məktəblərdə tədrisinə yol açır. Amma bu maddə onilliklərdir ki, kağız üzərində qalır. Prezident Pezeşkian seçki kampaniyasında bu məsələyə toxunsa da, sonradan parlamentdə ana dilində ədəbiyyatın cəmi iki saatlıq, özü də könüllü dərs kimi tədrisi təklifi belə qəbul olunmadı, hökumətin nümayəndəsi isə bunun əleyhinə çıxanların tərəfində dayandı”, – deyə T. Bozkurt bildirib.

O, İranda qızların ibtidai sinifdən başlayaraq örtünməyə məcbur olduqlarını deyib:

“Başını açıq saxlamaq istəyən şagirdin də, qadın müəllimin də bu seçimi etmək haqqı yoxdur. Son illərdə bu məcburiyyətə etiraz edən gənc qadınların başına gələnləri bütün dünya izlədi. Geyimin təhsilə maneə olmamalı olduğunu deyən nazir bu prinsipi əvvəlcə öz ölkəsində tətbiq etsəydi, sözləri daha inandırıcı səslənərdi.

Problem təkcə geyimlə də bitmir. İranın öz rəsmi rəqəmlərinə görə, hər il yüz minlərlə uşaq məktəbdən kənarda qalır və bu baxımdan ən həssas vəziyyətdə olanlar kasıb ailələrin, xüsusilə ucqar bölgələrin qızlarıdır. Bəzi bölgələrdə məktəbdən kənarda qalan uşaqların böyük əksəriyyətini məhz qızlar təşkil edir. Yoxsulluq, erkən nikah, kənddə qız məktəbinin olmaması onların təhsil yolunu yarıda kəsir”.

O, İranda dini azadlığın ayrıca bir yaralı mövzu olduğunu qeyd edib:

“Bəhai (bəhailik dini, -red) ailələrindən olan gənclər qəbul imtahanında yüksək nəticə göstərsələr belə, sırf inanclarına görə universitetə buraxılmır, birtəhər daxil olanlar isə çox vaxt bir müddət sonra xaric edilir. Yəni İranda bir qızın təhsil alıb-almaması onun geyimindən əvvəl dilindən, inancından və ailəsinin imkanından asılıdır”.

1 iran teheran nyito

T.Bozkurtun sözlərinə görə, bu çağırışın əslində təhsillə bağlı olmadığını İran rəsmilərinin özləri də gizlətmir:

“Ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti məktəb geyimi mövzusunu birbaşa Azərbaycanın xarici əlaqələrinə bağladı, hətta 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının sammitinin Bakıda keçirilməsini sual altına qoydu.

Eyni zamanda iranlı deputatlardan biri Milli Məclisin sədrinə məktub yazaraq beynəlxalq insan hüquqları sənədlərinə istinad edir. Halbuki BMT-nin müvafiq komitəsi İrana azlıqların ana dilində təhsil almasını təmin etməyi tövsiyə edib, BMT-nin xüsusi məruzəçiləri də bu barədə dəfələrlə narahatlıq bildiriblər.

İranın tərəf olduğu Uşaq Hüquqları Konvensiyası da azlıqlara mənsub uşaqların öz dilindən istifadə hüququnu tanıyır. Amma Tehran bunlara məhəl qoymur. Beynəlxalq hüququ yalnız qonşuya qarşı xatırlayıb öz evində unutmaq bu məsələnin hüquqi deyil, siyasi olduğunu göstərir.

Başqa bir ölkədəki daxili müzakirəni dini hisslər üzərindən qızışdırıb xarici siyasətdə təzyiq vasitəsinə çevirmək nə o qızlara, nə də iki xalq arasındakı münasibətlərə xeyir gətirir.

Ona görə də İran rəsmilərinə ən səmimi tövsiyəm budur: başqalarına təhsil azadlığı təklif etməzdən əvvəl öz ölkələrində ana dilində oxumaq istəyən uşaqlara, örtünmək istəməyən qızlara və inancına görə universitet qapısından geri qaytarılan gənclərə bu azadlığı versinlər. Dəvət etdikləri qızlara hansı dildə dərs keçəcəklərini isə əvvəlcə Güneydəki soydaşlarımıza izah etsinlər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: