Azərbaycanın İslam dünyası ilə əlaqələrinin möhkəmləndirilməsi ölkənin xarici siyasətində mühüm yer tutur. Prezident İlham Əliyev oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Ould Şeyx Əhmədi, oktyabrın 27-də isə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. Görüşlərdə İslam həmrəyliyinin gücləndirilməsi, təhsil və humanitar sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycanın 2027-ci ildə İƏT-in sammitinə ev sahibliyi etməsi məsələləri diqqət mərkəzində olub.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycan İslam dünyasının bir parçası olaraq İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, islam dəyərlərinin qorunması və islamofobiyaya qarşı mübarizə istiqamətində daim ön sıralarda yer alıb:
“Azərbaycan İƏT çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edərək islam dəyərlərinin və fəlsəfəsinin dünyada tanıdılması istiqamətində zəngin fəaliyyət göstərib. Eyni zamanda, islam mədəniyyəti sahəsində ixtisaslaşmış ICESCO ilə sıx əməkdaşlıq qurulub. İslam dəyərlərinin və maddi-mədəni irsinin qorunması məqsədilə təşkilata üzv bir sıra ölkələrdə humanitar fəaliyyət həyata keçirilib. Bu kontekstdə Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti xüsusi qiymətləndirilməlidir. Fondun İslam mədəni irsinin bərpası, mədəniyyətin tanıdılması və mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar daim diqqət çəkib. Azərbaycanda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Burada Azərbaycan Prezidenti də çıxışında İƏT-ə üzv ölkələrin birgə fəaliyyətinin və bu əməkdaşlığın mənsub olduğumuz sivilizasiyanın qorunmasındakı rolunun əhəmiyyətinə toxunub”.
Hikmət Babaoğlu
Deputat bildirib ki, tarixi zəfərimizi qeyd edərkən bunu islam irsimizin, dini abidələrimizin və maddi-mədəni sərvətlərimizin islam sivilizasiyasına yenidən qazandırılması kimi də qiymətləndirməliyik:
“İşğal dövründə dağıntılara və vandalizmə məruz qalmış müqəddəs dini abidələrimizin, ziyarətgahlarımızın bərpası, onların yenidən İslam dünyasına qazandırılması, eləcə də İƏT-ə üzv ölkələrin uğuru kimi təqdim edilməlidir. İşğaldan azad olunmuş ərazilərdəki dini abidələrin vəziyyəti ilə tanış olmaq üçün İSESCO nümayəndələri, İƏT-ə üzv ölkələrin təmsilçiləri həmin ərazilərə səfərlər ediblər. Bu səfərlər zamanı Azərbaycanın dağıdılmış abidələri bərpa etdiyi, yeni dini və mədəni obyektlər inşa etdiyi, bununla da İslam mədəniyyətinin qorunmasına və yayılmasına töhfə verdiyi bir daha aydın olub.
Hazırda 2027-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İƏT-ə üzv ölkələrin liderlərinin zirvə görüşünə hazırlıq işləri aparılır. Bu görüşün islamofobiyaya qarşı mübarizə, islam dinini terrorla əlaqələndirməyə çalışan təxribatçı yanaşmalara cavab verilməsi baxımından yeni dini, fəlsəfi və konseptual məzmunla yadda qalacağı gözlənilir. Şübhəsiz ki, Azərbaycanın bu istiqamətdəki fəaliyyətini İƏT-ə üzv ölkələr yüksək qiymətləndirir. İslam mədəniyyətinin qorunmasına verilən töhfələr daim diqqət mərkəzindədir və üzv ölkələr tərəfindən təqdir olunur”.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv dövləti var. Təşkilat 1969-cu ildə yaradılıb. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.
Ləman İmran
Globalinfo.az