WhatsApp Image 2026 10 28 at 11.10.46

ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə – müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. 

Globalinfo.az xəbər verir ki, hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəlik böhran durumuna hazır olmaları üçün mesaj yayımlayıb.

Məlumata görə, əhaliyə qida, su ehtiyatları, geyim, enerji batereyaları toplamaq məsləhət görülüb. Fransada təxminən 72 saatlıq bir müddət üçün hazırlıq çağırışı edilsə də, ABŞ-da bu müddət 1 həftə – 30 gün olaraq qeyd edilib.

Ölkələrdən ard-arda çağırışların səsləndirilməsi dünya əhalisində təşvişə səbəb olub. Hətta Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini Den Bongino amerikalılara 30 günlük fövqəladə hazırlıq xəbərdarlıqlarını ciddiyə almağı tövsiyə edib. 

Bu çağırışlar dünyada III Dünya müharibəsi, qlobal internet kəsintisi, yaxud da fövqəltəbii bir təhlükə vəziyyətinin yaranmasına hazırlıq kimi dəyərləndirilib.

Lakin bəzi ekspertlər hazırkı çağırışların təşviş doğurmamalı olduğunu, standart tövsiyə xarakteri daşıdığını bildirirlər. Belə ki, əsasən 2010-cu ildən etibarən bəzi ölkələrdə müəyyən zaman aralığında xalqa böhranlara hazır olmaq çağırışlarının edildiyi vurğulanır. Sadəcə olaraq son zamanlarda əksər regionlarda hərbi qarşıdurma və gərginliklərin daha da artması hökumətləri narahat edib və əhali üçün ehtiyat tədbirlərinin görülməsi qərara alınıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: