NATO Putinin üstünə qoşun çəkir – Ya Ukrayna iki güc arasında bölünəcək, ya da…


Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, bəzi NATO ölkələri artıq öz ordusunu Ukraynaya göndərib. Uzun müddətdir Alyans üzvü olan bəzi Avropa ölkələrinin qoşununun Ukraynaya yerləşdirilməsi məsələsi gündəlikdə idi.

Digər tərəfdən “Qərb ölkələri Ukraynaya hərbi personal göndərərsə, ABŞ NATO-dan çıxmalıdır” deyə fikirlər də səsləndirilir.

Maraqlıdır, Rusiya bu prosesə necə reaksiya verəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, bundan öncə də rəsmi Moskva bəzi Qərb qoşunlarının Ukraynada olduğu ilə bağlı açıqlama vermişdi:

“Qərb qoşunlarının hazırda Ukraynaya yerləşdirilməsi istisna deyil. Onların təlimçi, yaxud döyüşçü kimi getdiyi isə bilinmir. İndiki mərhələdə təlimçi səviyyəsində göndərildikləri daha inandırıcıdır. Çünki döyüşçü kimi göndərilməsi o deməkdir ki, Fransa, Almaniya və ABŞ hərbçiləri Ukrayna uğrunda ölümə gedib. Qərb Ukraynaya can yandırdığı üçün qoşun göndərmir. Burada tamamilə fərqli maraqlar güdülür. Hərbi proseslərə, elitaya tam nəzarəti bərpa etmək məqsədi də daşıya bilər. Ukrayna prezidenti Volodimir Zelenskinin Qərb ölkələrinə təxliyə olunacağı ilə bağlı da xəbərlər yayılmışdı. Heç bunun da hansı məqsəddən baş tutduğu məlum deyil. Ola bilər ki, Zelenski yavaş-yavaş uzaqlaşdırıldıqdan sonra Qərb proseslərin birbaşa iştirakçısına çevriləcək”.

Siyasi şərhçinin fikrincə, müharibə genişlənir və üfüqdə sülh görünmür:

“Müharibənin ilk günündən bəri tərəflər arasında sülhü təmin etmək istəyən ən əsas və yeganə güc Türkiyə idi. Bu istiqamətdə ciddi təşəbbüslər oldu. Amma Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxışında bildirdi ki, Rusiya və Ukrayna sülh masası arxasına oturmaq niyyətində deyil. Ankara da başa düşür ki, danışıqlar qatarı keçib. Bundan sonra danışıqların iki halda mümkün olduğunu düşünürəm: ya ölkələrdən birində hakimiyyət dəyişikliyi olmalıdır, ya da Ukrayna Rusiya və Avropa İttifaqı arasında bölünməlidir”.

Safura Bənnayeva
Globalinfo.az