Yaxın Şərqdə yaşanan böhran zamanı Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan üzərindən təhlükəsiz təxliyəsi fonunda, ölkəmizin beynəlxalq böhranlar zamanı etibarlı logistik və humanitar tranzit qovşağı kimi rolu mühüm qiymətləndirilir.
Bu təcrübə Azərbaycanın beynəlxalq nüfuzuna və gələcəkdə regional təhlükəsizlik proseslərində roluna necə təsir göstərə bilər?
Globalinfo.az-a danışan Milli Məclisin Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili deyib ki, Yaxın Şərqdə gərginlik fonunda Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyəsinə göstərilən dəstək ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirib:
“Belə vəziyyətlərdə təhlükəsiz tranzitin təşkili, logistika imkanlarının səfərbər edilməsi və diplomatik əlaqələndirmə Azərbaycanın regional əhəmiyyətini artırır. Bu təcrübə ölkəmizin yalnız enerji təchizatında deyil, həm də humanitar məsələlərdə və beynəlxalq nəqliyyat əlaqələrində etibarlı tərəfdaş olduğunu göstərir.

Tahir Mirkişili
Niderlandın Avropa İttifaqının (Aİ) qurucu üzvlərindən biri olması və ittifaq daxilində mühüm iqtisadi-siyasi mövqeyə malikliyi Bakı ilə Amsterdam arasında münasibətləri daha geniş kontekstdə əhəmiyyətli edir. Niderlandla qarşılıqlı hörmətə əsaslanan dialoqun inkişafı Azərbaycanın digər Avropa ölkələri və Aİ institutları ilə əməkdaşlığı üçün də əlavə imkanlar yaradır. Azərbaycanla Aİ arasında münasibətlər enerji əməkdaşlığı ilə məhdudlaşmır. Orta Dəhliz, nəqliyyat bağlantıları, ticarət, investisiyalar və regional təhlükəsizlik də tərəfdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat infrastrukturu Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Niderlandın xarici işlər naziri ilə görüşü siyasi dialoqun davamlılığını və əməkdaşlığın praktiki nəticələrə yönəldilməsi üçün mövcud potensialı göstərir. Bu potensialdan səmərəli istifadə həm ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə, həm də Azərbaycanın Avropa ilə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində tərəfdaşlığının möhkəmlənməsinə xidmət edə bilər”.
Safura Bənnayeva
Globalinfo.az