Ovçuluq təbiətə və ətraf mühitə birbaşa təsir göstərən fəaliyyətlərdən biridir. Qaydalara uyğun həyata keçirilməyən ov heyvanların sayının azalmasına, bəzi növlərin məhv olmaq təhlükəsi ilə üzləşməsinə və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər. Xüsusilə nadir və nəsli kəsilmək təhlükəsində olan heyvanların qorunması bu baxımdan böyük əhəmiyyət daşıyır.
Digər tərəfdən, ovçuluğun düzgün tənzimlənməsi və nəzarətdə saxlanılması vəhşi təbiətin mühafizəsi baxımından vacibdir. Ov mövsümünə, icazə verilən heyvan növlərinə və ov limitlərinə əməl olunması təbii ehtiyatların qorunmasına kömək edir. Qanunsuz ov isə bütövlükdə ekosistemə zərər vurur. Çünki hər bir canlı təbiətdə müəyyən rola malikdir və bir növün azalması digər növlərə də təsir göstərə bilər. Eyni zamanda, meşələrin, su hövzələrinin və heyvanların yaşayış mühitlərinin qorunması ovçuluğun tənzimlənməsində mühüm amildir. İqlim dəyişikliyi, yaşayış sahələrinin daralması və insan fəaliyyətinin genişlənməsi vəhşi heyvanlar üçün əlavə təhlükələr yaradır. Belə şəraitdə ovçuluqla bağlı qaydaların tətbiqi və ətraf mühitə nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətdə təbiətə məsuliyyətli yanaşmanın formalaşdırılması da bu prosesin vacib hissəsidir.
Ovçuluq ətraf mühitə və təbiətdəki ekoloji tarazlığa necə təsir edir? Qanunsuz ovun qarşısını almaq və vəhşi heyvanları qorumaq üçün hansı tədbirlər görülməlidir? Ovçuluğa maraq azalıb?
Globalinfo.az-a danışan Azərbaycan Ovçuları və Təbiəti Mühafizə Klubunun rəhbəri Elmar Babayev deyib ki, ovçuluğun təbiətə təsiri onun necə həyata keçirilməsindən asılıdır:
“Bu məsələyə iki istiqamətdən yanaşmaq olar. Birincisi, elmi əsaslara söykənən və tənzimlənən ovçuluqdur. Bəzi heyvan növlərinin sayının tənzimlənməsi zəruri ola bilər. Məsələn, kənd təsərrüfatına zərər vuran, qoyun sürülərinə və mal-qaraya hücum edən çaqqal və canavar kimi yırtıcıların sayına nəzarət etmək lazım gəlir. Lakin bu zaman müvafiq kvotalar və elmi əsaslandırılmış meyarlar nəzərə alınmalıdır. Kvotalar ovçuluğun tənzimlənməsində mühüm rol oynayır. Digər vacib məsələ maliyyə dəstəyi və təbiətin mühafizəsinə yönələn təşəbbüslərdir. Qanuni ovçuluq çərçivəsində bu sahədə fəaliyyət göstərən klublar müəyyən işlər görə bilərlər. Bəzən öz vəsaitimiz hesabına müxtəlif təsərrüfatlarda görülməli olan işlərə dəstək veririk. Məsələn, su mənbələrinin bərpası, ağac əkilməsi və quşların yemlənməsi kimi tədbirləri maliyyələşdiririk. Bunun üçün vəsait toplayır, ehtiyac olan işləri həyata keçirməyə çalışırıq. Zəruri hallarda aidiyyəti dövlət qurumlarını məlumatlandırır və müvafiq icazələri alırıq. Hesab edirəm ki, bu cür təşəbbüslər ovçuluğun inkişafı və təbiətin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.
Elmar Babayev
E.Babayev bildirib ki, Azərbaycanda ovçuluğa marağın azalmasının bir neçə səbəbi var:
“Bu səbəbləri əsasən üç istiqamətdə qruplaşdırmaq olar. Bunlardan biri ətraf mühitin qorunması ilə bağlı məsələlərdir. Son illərdə ekologiya və təbii sərvətlərin mühafizəsi məsələləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) diqqət mərkəzindədir. Digər səbəblər isə iqtisadi və sosial vəziyyət, eləcə də qanunvericilikdəki məhdudiyyətlərlə bağlıdır. Son illərdə ənənəvi ovçuluğa marağın müəyyən mənada dəyişdiyi hiss olunur. Bunun əsas səbəblərindən biri iqtisadi amillərdir. Ovçuluq üçün silah, sursat, geyim və digər avadanlıqların qiymətləri yüksəkdir və tez-tez dəyişir. Bu da insanların həmin sahəyə marağına birbaşa təsir göstərir. Qanunvericiliyin sərtləşdirilməsi, müxtəlif məhdudiyyət və qadağaların tətbiqi də ovçuluğa marağın azalmasında rol oynayır.
Digər mühüm amil gənc nəslin təbiətlə əlaqəsinin zəifləməsidir. Gənclərin kənd və rayonlardan şəhərlərə axını, eləcə də şəhər həyatının təsiri onların təbiətlə təmasını azaldıb. Məsələn, şəhərdə yaşayan bir insan rayona istirahətə gedəndə cəmi bir-iki gün qalaraq geri qayıdır. Təbiətlə davamlı təmasda olan insanların sayı azalır. Halbuki ovçuluq təbiətlə birbaşa əlaqə tələb edən fəaliyyət növüdür.
Biz ETSN ilə qanunsuz ovçuluq hallarının aşkarlanması istiqamətində qeyri-rəsmi əməkdaşlıq edirik. Müxtəlif bölgələrdə olan əməkdaşlarımız qanunsuz ov və brakonyerlik halları barədə məlumat verirlər. Məsələn, bəzi ərazilərdə gecə saatlarında fənərlərdən istifadə etməklə quş ovlanır. Halbuki bu cür ov qanunla qadağandır. Təsəvvür edin, ovçu lisenziya alır, səhər tezdən uzaq məsafə qət edərək ov ərazisinə gedir, yol və digər xərclər çəkir. Lakin əraziyə çatanda ovlamaq üçün quş tapmır. Bunun səbəblərindən biri gecə saatlarında qanunsuz ovun aparılmasıdır. Brakonyerlik nəticəsində quşların sayı azalır və qanuni ovçuluqla məşğul olan insanların da fəaliyyəti zərər görür. Bu səbəbdən brakonyerliklə mübarizə hamımızın borcudur. Biz ictimai nəzarət və könüllü dəstək mexanizmi yaratmağa çalışmışıq”.
E.Babayevin sözlərinə görə, ovçuluğa marağın azalmasına təsir edən digər məsələ bəzi ovçuluq təsərrüfatlarında müşahidə olunan problemlərdir:
“Məsələn, ovçu lisenziya alaraq qanuni şəkildə əraziyə gedir, lakin orada əlavə ödəniş tələbi ilə qarşılaşır. Su hövzəsinə getmək və ov etmək üçün bələdçi xidmətinə ehtiyac olduqda, adam başına 40-50 manat əlavə pul istənildiyi hallar olur. Ovçu bu məbləği ödəmədikdə isə ona bələdçi ayrılmır. Nəticədə qanuni şəkildə ov etmək istəyən şəxs çətinliklə üzləşir. Ovçuluq təsərrüfatlarında fərdi idarəetmə modelinə keçid bu problemlərin həllinə kömək edə bilər. Belə bir modelin tətbiqi brakonyerliyin əhəmiyyətli dərəcədə, hətta 70-80 faiz azalmasına şərait yaradar. Bununla yanaşı, ovçuluğa maraq artar və dövlət büdcəsinə əlavə gəlir daxil olar.
Ümumiyyətlə, bu sahənin inkişafına ehtiyac var. Xüsusilə ov turizminin inkişafı ölkə iqtisadiyyatı üçün faydalı ola bilər. Təxminən 10-15 il əvvəl rayonlarda hotel və restoran xidmətləri indiki səviyyədə deyildi. Turizmin inkişafı ilə bu sahədə ciddi dəyişikliklər baş verdi. Hazırda insanlar ailələrini rayonlara istirahətə göndərərkən daha rahat və əmin olurlar. Bu, turizmin digər sahələrə də müsbət təsir göstərə bildiyini nümayiş etdirir. İnkişaf üçün dövlət səviyyəsində dəstək vacibdir. Biz hazırda klubumuzu rəsmi qeydiyyatdan keçirmək, qeyri-hökumət təşkilatı statusu almaq istəyirik. Məqsədimiz fəaliyyətimizi rəsmiləşdirmək, təlim və maarifləndirmə kursları təşkil etmək, gənc nəslə düzgün istiqamət vermək, onların təbiətə və ovçuluğa marağını artırmaqdır. Lakin qeydiyyat prosesində müəyyən çətinliklərlə qarşılaşırıq.
Ovçuluğun inkişafı yalnız silah və avadanlıqlarla bağlı məsələ deyil. Burada təbiətə marağın artırılması, maarifləndirmə, qanunsuz ovla mübarizə, təsərrüfatların idarə olunması və ov turizminin inkişafı kimi bir-biri ilə əlaqəli məsələlər var. Bu istiqamətlərdə kompleks tədbirlər görülsə, həm ovçuluğa marağı artırmaq, həm də təbiətin qorunmasına töhfə vermək mümkündür”.
Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: Ekologiya və ətraf mühitin mühafizəsi.
Ləman İmran
Globalinfo.az