tramp putin

“Ekonomist” nəşri mənbələrə istinadla məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanı kapitulyasiyaya məcbur etməyə çalışmır, əksinə, Rusiyanın uğurlu informasiya əməliyyatının qurbanına çevrilib.

İddialara görə, aralıq seçkilər ərəfəsində reytinqlərinin kəskin aşağı düşməsi Trampı təşvişə salıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə onun üçün əlverişli “günah keçisi”dir. O cümlədən, Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putinin motivlərini millətçiliklə deyil, iqtisadi və ərazi maraqları ilə əlaqələndirməklə səhvə yol verdikləri qeyd olunur. Bu isə onları Rusiyanın manipulyasiyalarına qarşı həssas edir.

Nəşr yazır ki, Tramp dəhşətli vəziyyət yaradır, lakin o, eyni zamanda səfehlərdən də asılıdır.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, noyabrın 3-də keçiriləcək aralıq seçkilər Respublikaçılar Partiyası üçün mühüm sınaqdır:

“Seçicilərin iqtisadi vəziyyət, yaşayış xərcləri və yanacağın qiymətləri ilə bağlı narazılığı Ağ Evə təzyiq yaradır. Belə bir şəraitdə Tramp üçün Ukrayna müharibəsini tez bir zamanda dayandırmaq və bunu öz diplomatik uğuru kimi təqdim etmək siyasi baxımdan əhəmiyyətlidir. Lakin problem ondadır ki, müharibəni tez bitirmək istəyi ilə dayanıqlı sülhə nail olmaq eyni şey deyil. Əgər Vaşinqtonun əsas məqsədi mümkün qədər tez razılaşma əldə etməkdirsə, bu zaman Moskvanın irəli sürdüyü tələblərin mahiyyəti ikinci plana keçə bilər. Nəticədə müharibəni başlatmış tərəfin davranışına görə məsuliyyət daşıması əvəzinə, müharibəyə məruz qalan tərəfdən daha çox güzəşt tələb oluna bilər.

1671105283 qabil huseynli
Qabil Hüseynli

Rusiya lideri üçün Ukrayna müharibəsi təkcə ərazi məsələsi deyil. Burada Moskvanın Ukraynanın gələcək xarici siyasət kursuna təsir göstərmək, onun Qərblə inteqrasiyasını məhdudlaşdırmaq və postsovet məkanında öz təsir imkanlarını qorumaq məqsədləri də var. Buna görə də Putinin motivlərini yalnız iqtisadi və ərazi maraqları ilə izah etmək kifayət etmir. Rusiya üçün təhlükəsizlik anlayışı adı altında irəli sürülən tələblər Ukraynanın suveren qərarvermə imkanlarına da təsir göstərir.

Əgər Trampın komandası Moskvanın əsas məqsədinin iqtisadi fayda və müəyyən ərazilərə nəzarət əldə etmək olduğunu düşünürsə, bu, danışıqların yanlış qiymətləndirilməsinə gətirib çıxara bilər. Çünki iqtisadi güzəştlər və ya ərazi məsələsində razılaşma əldə olunması Rusiyanın daha geniş strateji məqsədlərindən imtina edəcəyi anlamına gəlmir. Əksinə, Moskva danışıqlardan həm ərazi, həm də siyasi üstünlüklər qazanmaq üçün istifadə edə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: