erdogan eliyev

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən telefon zəngi etməsi iki qardaş dövlətin münasibətləri, regional həmrəyliyi və Türk dünyasının gələcəyi baxımından son dərəcə mühüm, vaxtında atılmış strateji liderlik addımıdır.

Globalinfo.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə az öncə telefon zəngi haqda danışarkən deyib.

General bildirib ki, bu telefon danışığı Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın gündəlik siyasi müzakirələrdən, dövri fikir ayrılıqlarından və iki ölkənin ictimaiyyətini qarşı-qarşıya qoymağa yönəlmiş cəhdlərdən qat-qat üstün olduğunu bir daha nümayiş etdirmişdir.

Görüşün məzmunu və verilən strateji mesajlar

“İki lider Türkiyə–Azərbaycan münasibətləri ilə yanaşı, regional və qlobal prosesləri də müzakirə etmişdir.

Prezident Ərdoğan telefon danışığı zamanı üç mühüm mesaj vermişdir:

1. Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 35-ci ildönümünü bir daha təbrik etmişdir;

2. Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərindən aldığı güclə əməkdaşlığını bütün sahələrdə daha yüksək səviyyəyə çatdıracağını ifadə etmişdir;

3. Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə şəxsən dəvət etmişdir.

Bu üç mesaj birlikdə qiymətləndirildikdə, telefon danışığının sadəcə diplomatik nəzakət xarakterli təmas deyil, eyni zamanda güclü strateji iradə bəyanatı olduğu aydın görünür”, – Karauz vurğulayıb.

Fikir ayrılıqları qardaşlığın önünə keçməməlidir

“Birincisi: Qardaşlıq hüququnun dövlətlərarası münasibətlərdə üstünlüyü bir daha təsdiqləndi.

Son dövrlərdə hər iki ölkənin ictimai mühitində ortaya çıxan bəzi müzakirələrin Türkiyə–Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək potensialı daşıdığı bir şəraitdə Prezident Ərdoğanın birbaşa liderlərarası diplomatiyaya üstünlük verməsi son dərəcə əhəmiyyətlidir.

Bu addım fikir ayrılıqlarının dövlətlər arasındakı qardaşlığın önünə keçməməli olduğunu göstərdi, iki ölkənin tarixi birliyinə xələl gətirmək istəyən dairələrin sui-istifadə edə biləcəyi imkanları məhdudlaşdırdı.

İkincisi: Azərbaycanın 35 illik müstəqillik mübarizəsinə verilən dəyər yenidən təsdiqləndi.

18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ötən 35 il ərzində milli güc amillərini inkişaf etdirmiş, ərazi bütövlüyünü yenidən təmin etmiş və Cənubi Qafqazın həlledici aktorlarından birinə çevrilmişdir.

Ərdoğanın müstəqilliyin ildönümünü xüsusi olaraq təbrik etməsi Türkiyənin Azərbaycanın suverenliyinə, dövlətçilik ənənələrinə və milli nailiyyətlərinə verdiyi əhəmiyyətin güclü diplomatik ifadəsidir.

Üçüncüsü: Ankara Zirvə Görüşünə dəvət ikitərəfli qardaşlığı Türk dünyasının ortaq gələcəyinə daşımışdır.

Prezident Ərdoğanın Prezident İlham Əliyevi Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə şəxsən dəvət etməsi telefon danışığının ən mühüm strateji məqamlarından biridir. Bu dəvətlə Türkiyə–Azərbaycan münasibətlərinin yalnız iki dövlətin ortaq maraqlarından ibarət olmadığı, eyni zamanda Türk dünyasının siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində inteqrasiyasının təməl sütununu təşkil etdiyi mesajı verilmişdir.

Türkiyə ilə Azərbaycanın birgə hərəkət etməsi Orta Dəhlizin gücləndirilməsi, Xəzər üzərindən keçən nəqliyyat xətlərinin inkişaf etdirilməsi, enerji təchizatı təhlükəsizliyi və Türk dövlətləri arasında müdafiə sənayesi əməkdaşlığının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Dördüncüsü: Türk dünyasını parçalamağa yönəlmiş cəhdlərin qarşısına ortaq liderlik iradəsi qoyuldu.

Türkiyə ilə Azərbaycan arasında mümkün bir ayrılıq yalnız Ankara və Bakıya deyil, Türk Dövlətləri Təşkilatının inteqrasiya hədəflərinə də mənfi təsir göstərə bilər.

Bu səbəbdən iki liderin birbaşa təmas qurması, qarşılıqlı etimadı və ortaq strateji istiqaməti ön plana çıxarması ayrılıq yaratmağa yönəlmiş ritorikanın təsirini azaldan mühüm addımdır.

Burada əsas məsələ hər bir müzakirənin arxasında xarici müdaxilənin dayandığını iddia etmək deyil, hansı mənbədən qaynaqlanmasından asılı olmayaraq, iki qardaş ölkənin münasibətlərinə xələl gətirə biləcək cəhdlərə qarşı ortaq dövlət ağlını və diplomatik həmrəyliyi qorumaqdır”, – general vurğulayıb.

Nəticə: Bir millət, iki dövlət – ortaq gələcək, ortaq tale

Y.Karauz əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər konyunktur yaxınlaşmanın deyil, ortaq tarixin, ortaq mədəniyyətin, ortaq fədakarlıqların və ortaq gələcək iradəsinin məhsuludur:

“Bu qardaşlığın təməlində Mustafa Kamal Atatürkün Azərbaycana verdiyi önəm, Heydər Əliyevin ortaya qoyduğu “Bir millət, iki dövlət” fəlsəfəsi və bu gün Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin inkişaf etdirdiyi strateji tərəfdaşlıq dayanır.

Ankara ilə Bakının birliyi yalnız iki ölkənin təhlükəsizliyinin deyil, Türk dünyasının sabitliyinin, rifahının və gələcəkdə qlobal güc mərkəzinə çevrilməsinin də ən mühüm təminatlarından biridir.

Prezident Ərdoğanın həyata keçirdiyi bu diplomatik addım dostlara qardaşlığın sarsılmazlığını, bu qardaşlığın zəifləməsindən mənfəət umanlara isə Türkiyə ilə Azərbaycanın ortaq gələcəyindən heç vaxt vaz keçməyəcəyini göstərdi.

Tanrı dağlarının ətəklərindən bu günümüzə qədər uzanan tarixi qardaşlıq indi iki müstəqil dövlətin ortaq iradəsi ilə gələcəyə daşınır.

Bir millət, iki dövlət ruhu ilə, lazım gəldikdə bir ürək, bir bilək və bir yumruq olan Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığı dosta güvən, düşmənə qorxu verir!

Yaşasın Türkiyə–Azərbaycan qardaşlığı!

Yaşasın güclü və birlik içərisində olan Türk dünyası!”

Paylaş: