WhatsApp Image 2024 11 14 at 16.42.11

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə TRIPP layihəsinin müzakirəsi zamanı danışıb.

“Güclü Ermənistan” fraksiyasının deputatı Lena Matevosyan nazirə sual ünvanlayıb:

“Sülh müqaviləsi hələ imzalanmadığı halda TRIPP layihəsinin təsdiqə təqdim edilməsi Ermənistanın Azərbaycanın digər tələblərini də yerinə yetirməsi anlamına gəlmirmi?”

Deputat bu kontekstdə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini də xatırladıb.

Mirzoyan cavabında qeyd edib ki, Azərbaycan sülh müqaviləsini paraflasa da, Ermənistanın Konstitusiyası ilə bağlı narahatlıqlar aradan qaldırılmayana qədər sənədi imzalamayacağını bildirir.

Nazirin iddiasına görə, Ermənistan Konstitusiyasında narahatlıq doğuran heç bir məqam yoxdur:

“Biz bu məsələdə Azərbaycanın yanaşmasını bölüşmürük, Azərbaycan da bizim yanaşmamızı bölüşmədiyini deyir. Hazırda Ermənistan və Azərbaycan arasında Ermənistan Konstitusiyası ilə bağlı danışıqlar aparılmır”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsini “sülhə təhlükə” adlandırmışdı. Onun sözlərinə görə, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar olmamalıdır, çünki bu, münaqişə riski yaradır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: