tel eviv baki ankara 1 scaled 1 900x596 2

Türkiyə mediasında və sosial şəbəkələrində Azərbaycana qarşı kampaniya davam edir. Bunun qarşısının alınması üçün lazımi addımların atılmalı olduğu halda, kampaniya gündən-günə daha da intensivləşir və miqyası genişlənir. Azərbaycan əleyhinə tənqidi və təhqiramiz materiallar artan xətt üzrə gedir. Əvvəllər Azərbaycana qarşı kampaniyanın əsas hədəfi İsraillə münasibətlərimiz idisə, indi də məktəbli forması məsələsi manipulyasiya predmetinə çevrilib. Türkiyə mediasında və sosial şəbəkə seqmentində Azərbaycana qarşı açıq təhqir və təhdid məzmunlu materiallar yayılır.

Azərbaycana qarşı kampaniya aparanların əsas arqumenti isə Bakının İsraillə yaxınlaşmasıdır. Kampaniyaçılar elə təqdim edirlər, sanki Bakı ilə Təl-Əviv arasında siyasi-diplomatik əlaqələr yeni yaranıb. Halbuki, 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk ölkələrdən olub. 7 aprel 1992-ci ildə diplomatik əlaqələr qurulub. Ankara üzdə İsraili düşmən elan etsə də, indi də bu ölkə ilə müxtəlif yollarla, vasitələrlə ticarəti davam etdirir.

Paraleldə Türkiyə-Ermənistan yaxınlaşması bütün şiddəti ilə gedir. Bu, artıq sadə diplomatik normallaşma hüdudlarını aşaraq sistemli “qardaşlaşma” mərhələsinə keçib. Xüsusi nümayəndələrin görüşləri, Qars-Gümrü dəmir yolu və elektrik xəttinin bərpası, birbaşa aviareyslər, ticarət məhdudiyyətlərinin yumşaldılması və yüksək səviyyəli telefon danışıqları bunun konkret sübutudur. Bəlkə Azərbaycana qarşı aparılan kampaniya buna görədir? İsrail amilini bəhanə gətirib, Ermənistanla yaxınlaşmaq xətti boşuna seçilməyib, deyəsən. Bu, ilk cəhd deyil. Ankara bir neçə dəfə buna çalışıb, sadəcə, baş tutmayıb. Azərbaycan dövlətinin prinsipial mövqeyi Türkiyəni bu siyasəti təxirə salmağa vadar edib.

Türkiyə prezidenti Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edib

Xocalı cəlladı Serj Sərkisyan və Türkiyənin sabiq prezidenti Abdullah Gül

2008-ci ilin sentyabrında o vaxtkı prezidentlər Abdulla Gül və Serj Sərkisyanın “futbol diplomatiyası” yaddan çıxmayıb. İki ölkənin futbol üzrə milli komandaları arasında İrəvanda və Bursada yoldaşlıq görüşləri keçirildi. Gül İrəvana getdi. Sərkisyan Bursaya gəldi. Sırf ermənilərə xoş gəlsin deyə Bursadakı oyunda polislərə Azərbaycan bayraqlarının stadiona buraxılmaması haqda göstəriş verilmişdi. Həmin vaxt bu hadisə Türkiyədəki milliyyətçi və Azərbaycançı kəsimi qəzəbləndirmişdi, bizləri isə sarsıtmışdı…

Ardınca sərhədlərin açılması məsələsi ortaya çıxmışdı. Artıq 2009-cu ilin əvvəlindən başlayaraq Türkiyə-Ermənistan sərhədinin açılması, iqtisadi, siyasi və diplomatik əlaqələrin bərpası istiqamətində müəyyən razılıq əldə edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli və prinsipial mövqe tutmaqla bu prosesin qarşısını aldı. Üstəlik, bu “əsərin” müəlliflərini ifşa etdi.

Tarixə “Sürix protokolları” kimi düşmüş bu sürəc az qalsın iki qardaş ölkənin münasibətlərini birdəfəlik zədələsin. Qərbin yaxından iştirakı ilə Azərbaycanı arxadan xəncərləmək idi sərhədin açılması. Ərazilərimizin işğalda olduğu bir vaxtda Ermənistana iqtisadi və siyasi nəfəslik vermək istəyirdi Ankara. Bunun Azərbaycana necə böyük problemlər yaratdığını bildiyi halda AKP iqtidarı buna təşəbbüs göstərirdi.

Ermənistanın baş tutmayan planı - Sürix protokolları niyə dəyişdirildi? | 1news.az | Xəbərlər

“Sürix protokolları”nın imzalanma mərasimi

90-cı illərdə Türkiyənin Azərbaycanda dövlət çevrilişi cəhdləri də yaddan çıxmayıb. 1994-cü ilin oktyabr ayında Rövşən və Mahir Cavadov qardaşları Surət Hüseynovla əlbir olub, legitim hakimiyyəti və xalq tərəfindən seçilmiş prezident Heydər Əliyevi devirmək üçün nəzarətlərindəki silahlı dəstələrə göstəriş verdi. O vaxt bu cəhdin qarşısı Heydər Əliyev tərəfindən alındı. O, xalqı Prezident Aparatının qarşısına dəvət etdi, on minlərlə vətəndaş dövləti və prezidenti müdafiə etmək üçün PA qarşısına yığışdı. Üzərindən bir neçə ay keçdikdən sonra – 1995-ci ilin mart ayında növbəti dövlət çevrilişinə cəhd göstərildi. Rövşən Cavadov OMON-u dövlətin üzərində qaldırdı. Bu hərbi qiyamın beyin mərkəzi Türkiyədə idi. Türkiyənin Azərbaycandakı səfirliyi qiyamçıların qərargahına çevrilmişdi. Fərman Dəmirqol adlı bir avantüristi bura göndərib, Cavadov qardaşlarına “ağıl hocalığı” edirdilər. Sonda özü biabırçı şəkildə Azərbaycanı tərk etdi, Cavadov qardaşlarından biri müəmmalı şəkildə öldü, digəri xaricə qaçdı.

Türkiyədə Azərbaycana qarşı xətt bu ölkədə prezident seçkisindən sonra aktivləşdirildi və getdikcə kampaniya xarakteri aldı.

Türkiyədə SOCAR-a qarşı kampaniya, Azərbaycan-İsrail əlaqələri, sonda isə  hicab məsələsinin ortaya atılması Türkiyə ictimaiyyətinin böyük rəğbət bəslədiyi Azərbaycanı və onun lideri İlham Əliyevi gözdən salmaq kampaniyasının əsas elementləridir. Bunun nəticəsi odur ki, son sorğularda Türkiyə əhalisinin 20 faizindən çoxu Azərbaycanı düşmən gözündə gördü. Bu, olduqca qorxulu prosesdir. Qardaşlığı düşmənçiliyə çevirmək istəyən qüvvələr tarix qarşısında böyük məsuliyyət daşıyır.

Hazırda Azərbaycana qarşı hicab amili üzərindən də hücumlar başlayıb. Bu iyrənc kampaniyanın arxasında təkcə İran dayanmır. Kimin nə etdiyi dövlətə yaxşı bəllidir. Hər kəsin cavabı tək-tək veriləcək. Prezident İlham Əliyev YAP-ın VIII qurultayında bu mövzuya toxunaraq demişdi: “Hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın”.

Bu, ən sərrast və sərt cavab idi. Ardı olacaq…

Aydın Aslan
Globalinfo.az

Paylaş: