Hicab məsələsi təhsil sahəsini əhatə edən mövzu olduğu halda bunu başqa səmtə aparmaq meylləri aydın sezilir. Bəlli güc mərkəzləri dərhal bundan istifadə etməyə başlayıb. İdarə olunan proses həddinə çatdırılır.
Məktəblərdə tətbiq olunan hansı qadağa indiyə kimi ajiotaja səbəb olub? Məsələn, şagirdlər üçün mobil telefondan istifadə məhdudlaşdırılanda bu, hüquq pozulması elan edilərək ajiotaja gətirib çıxarır? Ya da başqası olsun. Xeyr! Çünki məktəbin özünün qayda və prinsipləri var. Buna əməl etmək qanun çərçivəsində məcburidir.
Fikir verdinizsə, qısa vaxt ərzində məktəb direktorlarının adları, soyadları, şəkilləri, digər məlumatlar toplanıb və posterlər paylaşılıb. Həm də tək-tək. Görünən budur ki, sistemli şəkildə iş gedir. Məktəbdə geyimlə bağlıq qaydanın “dinə qarşı savaş” kimi təqdim olunması, bu cür posterlərin yayılması və ardınca da həm xaricdən, həm daxildən “etiraz aksiyalarına” çağırışlar prosesin xaricdən idarə olunduğunu göstərir. İran və onun agenturası dərhal hərəkətə keçib.
Azərbaycanda hicaba nə qadağa var, nə də bu barədə qanun qəbul edilib. Bakıda, regionlarda hicab mağazaları sərbəst fəaliyyət göstərir. Bu, artıq inanc məsələsindən çıxıb, biznesə çevrilib. Kim istəsə, pulunu ödəyir, o geyimi alıb istifadə edir. O zaman bu ajiotaja, ortalığı qızışdırmağa nə ehtiyac var? Demək ki, kimlər üçünsə buna ehtiyac var… Bunun da arxasında dayanan mərkəzlər hər kəsə yaxşı bəllidir…
Yeri gəlmişkən…
2022-ci ilin sentyabr ayında İranda hicab əleyhinə aksiyalar başladı. Bu aksiyalar bütün ölkəni bürüdü və 2 ay davam etdi. Etiraz nümayişlərinin başlamasına 22 yaşlı gənc qızın ölümü səbəb olmuşdu. Hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmini təhlükəsizlik qüvvələri tərəfindən fiziki zorakılıq nəticəsində həyatını itirmişdi. Sonradan rəsmi qurumlar gəncin ürəktutmasından həyatını itirdiyini desələr də, ailəsi onun öldürüldüyünü bəyan etdi.
O vaxt İranda qadınlar kütləvi şəkildə antihicab aksiyaları keçirməyə başlamışdılar. Başlarından hicabı açıb yandırırdılar. Çünki bu, rejimin yaratdığı məcburiyyət idi, insanlar bu məcburiyyətə üsyan püskürürdü! Həm də Məhsanın məhz hicaba görə ölümünə bu şəkildə etiraz edirdilər.
Universitetlərdə tələbələr bu aksiyaların avanqard qüvvəsinə çevrilmişdilər. Aksiyalar zamanı minlərlə insan həbs edildi, yüzlərlə gənc qətlə yetirildi. Bunu beynəlxalq hüquq müdafiə təşkilatları öz hesabatlarında açıqladılar. İran dövləti öz xalqını, vətəndaşı olan qadınları çadraya, hicaba görə qətlə yetirir, amma bu geyim aksesuarının qadağan edilmədiyi Azərbaycanı “dinə qarşı savaş açan ölkə” kimi təqdim etməyə çalışır. Tehran və agentura şəbəkəsi üçün dinin, inancın yox, özünün imperiya maraqlarının əsas olduğu çoxdan sübuta yetirilib. Azərbaycan vətəndaşları 30 illik işğal dövründə bunu çox yaxşı gördülər. Məscidləri dağıdan, Azərbaycanın müsəlman əhalisini qətlə yetirən Ermənistanı dəstəklədi Tehran rejimi!
İndi də bu siyasət davam edir. Sadəcə Azərbaycanın 2020-ci ildən sonra regionda yaratdığı reallıqlar imperiya ambisiyaları olan dövlətlər üçün soyuq duş effekti yaradıb…
Azər Ayxan, Əməkdar jurnalist
Globalinfo.az saytının təsisçisi