Ukraynadan İtaliyaya taxıl aparan “Royad Məmmədov” yük gəmisinə PUA hücumu nəticəsində yaralanan azərbaycanlılardan biri Masallının Digah kənd sakini Coşqun Məmmədəliyevdir.
Globalinfo.az xəbər verir ki, C.Məmmədəliyev hazırda Rumıniyada gəmidə xəsarət alan digər şəxslərlə birlikdə tibbi yardım alır.
Coşqun Məmmədəliyevin atası bildirib ki, oğlu üç ildir gəmidə mühərrik ustası kimi çalışır. Onun sözlərinə görə, C.Məmmədəliyev sonuncu dəfə iki ay əvvəl gəmi ilə səfərə çıxıb və bu müddət ərzində hər şey normal olub.
Ata hadisədən səhər saatlarında xəbər tutduqlarını deyib:
“O, üç ildir gəmidə mühərrik ustası kimi çalışırdı. İki aydır ki, gedib. İki ay ərzində hər bir şey normal idi. Rumıniyanın şəhərində idilər. Bizim məlumatımız olmayıb. Bu gün səhər öyrənmişik ki, gəmi vurulub, yaralılar var, ölənlər var. Özü ilə də danışmışıq. İndi hər şey normaldır, qaydasındadır. Uşaq zəng edib dedi ki, hər şey qaydasındadır. Şükürlər olsun”.
Qeyd edək ki, hücuma məruz qalan “Royad Məmmədov” gəmisi Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsusdur.
