Şahmatçı Harri Kasparov Litva və ABŞ kəşfiyyat orqanlarının onu və “Azad Rusiya Forumu”nun həmtəsisçisi İvan Tyurini həyatlarının təhlükədə olması barədə xəbərdar etdiyini bildirib. Bundan əvvəl Aleksey Navalnının həbsxanada müəmmalı ölümü, Boris Nemtsovun isə küçədə qətlə yetirilməsi yada düşür. Hər iki hadisənin arxasında Rusiya hakimiyyətinin dayandığına dair iddialar var.
Rusiya Prezidenti Vladimir Putin bütün təhdidləri aradan qaldırmaq və alternativləri yox etmək baxımından çox “cəsurdur”. Ona görə də Rusiyada müxalifət demək olar ki, yoxdur, olanlar da xaricə qaçıb.
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Rusiyada siyasi müxalifəti tamamilə yox ediblər:
“Xüsusilə “xarici agent” damğası vurulan insanlar, yəni xaricdən maliyyələşən, xarici təsiri olan adamların siyahısı genişləndirildi. Onların böyük əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldı.
Hətta aktyor Maksim Qalkin, Rusiyanın sevilən xalq artisti Alla Puqaçova, məşhur jurnalist Boris Nemtsov, həmçinin keçmiş xarici işlər naziri Andrey Kozyrev — bunlar xarici agent adlandırılır.
Blogerlər, jurnalistlər, Rusiyanın Ukrayna müharibəsinə etiraz edənlər, müharibənin, qırğının lazım olmadığını bildirənlər, öz vətəndaş mövqelərini bildirənlər — bunların hamısı məhv edildi. Yəni xaricə qaçdılar, bəzilərini isə həbsxanaya atdılar.
Aleksey Navalnı Rusiya hökumətini və Putinin özünü şəxsən ciddi tənqid edirdi. O da həbsxanada öldü. Rusiya hakimiyyətinə nisbətən loyal olan, ancaq müxalif yönümlü olan Boris Nadejdin bu dəfə seçkilərə buraxılmadı. Hətta onu da xarici agent elan etdilər və o, Moskvanın Dolqoprudnı şəhər məhkəməsi tərəfindən ekstremist simvolun nümayiş etdirilməsində ittiham olundu, min rubl cərimə edildi. Bu səbəbdən də seçkilərdə iştirakı qadağan olundu. O, həm də xarici agent adlandırıldı.
Ancaq bundan qabaq dövlət, hökumət nümayəndələri bildirdilər ki, onun “Vətəndaş Təşəbbüsü” partiyası seçkilərə buraxılmadı və xaricə getmələrinə də qadağa qoyuldu.
Yəni Nadejdin ancaq məhkəmədən sonra vəziyyətin gərgin olduğunu bildi, tutuldu, saxlanıldı, sonra məhkəməsi oldu. Məhkəmədə də cəza verildikdən, min rubl cərimə tətbiq olunduqdan sonra gizli şəkildə xaricə qaçdı. Sonra da qaçıb Fransaya sığındığını açıqladı”.
Politoloqun sözlərinə görə, Rusiyada vəziyyət, xüsusilə müharibə başladıqdan sonra çox gərginləşib:
“Heç bir etiraz yoxdur, hətta tək bir qadın öz oğlunun müharibəyə aparılmasına etiraz etdiyi zaman belə onu həbs edib içəri atırlar. Bu gün Rusiyada Federal Təhlükəsizlik Xidməti və polis orqanları əhaliyə qarşı çox ciddi bir rejimdə çalışırlar. Bütün bunlar da, təbii ki, Rusiya hakimiyyəti tərəfindən aparılan siyasətdir.

Elşad Həsənov
Kommunist Partiyası müxalifət partiyası olsa da, onun rəhbərliyi və bu gün parlamentə düşən digər partiyaların rəhbərləri Putin hakimiyyətini, onun apardığı müharibəni dəstəkləyirlər. Onların içində olan, bu hakimiyyəti tənqid edənlər isə parlamentə buraxılmadılar.
Belə şəxslərdən biri də Samaradan olan Bondarenko idi ki, o, sosial şəbəkələrdə aktiv şəkildə indiki hakimiyyəti tənqid edirdi, Kremlin apardığı siyasətin düzgün olmadığını bildirirdi, əhalinin pis vəziyyətdə yaşadığını göstərirdi, oliqarxların və hakimiyyətdə olanların isə əhalini talan etməsi haqqında faktlarla çıxış edirdi.
Bondarenko Kommunist Partiyasının nümayəndəsi kimi öz namizədliyini vermişdi, ancaq bu söhbətlərdən sonra onu da seçkilərdən kənarlaşdırdılar. Həbs olunması haqqında da tədbirlər görəcəklər.
Yəni bu gün Rusiyada, çox ciddi siyasi göstəriş var ki, müxalifət müxalifət kimi qəbul olunmasın. Müxalifətçilər etiraz etsə, o saat həbsə atırlar.
Artıq polislərə, Federal Təhlükəsizlik Xidmətinə xüsusi göstərişlər, səlahiyyətlər veriblər ki, onlar istədikləri şəxsləri məhkəmə qərarı olmadan belə həbsə ata və yaxud da ölkədən xaric edə bilərlər. Buna görə də Rusiya müxalifətinin böyük əksəriyyəti xaricə qaçmağa məcbur olublar. Onların sırasında blogerlər, yazıçılar, jurnalistlər, artistlər, elm adamları da çoxluq təşkil edir”.
Elşad Həsənov qeyd edib ki, artıq Amerika xüsusi xidmət orqanları şahmatçı Harri Kasparovun da təhlükəsizliyinin təmin olunması üçün bəzi əməkdaşlar ayırıblar:
“Çünki Harri Kasparov da xaricdə olsa, yəni Amerikada yaşasa belə, Rusiyanı ciddi tənqid edir və Putinin siyasətinin Rusiya üçün öldürücü bir xətt olduğunu bildirir. Bunu faktlarla sübut etməyə çalışır. Məhz buna görə Rusiya xüsusi xidmət orqanları ona qarşı rəhbərliyin göstərişi ilə tədbirlər görmək istəyirlər.
Ancaq Amerikanın xüsusi xidmət orqanları məlumatlıdırlar və onun təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görürlər.
Yəni bu gün Rusiyanın xüsusi xidmət orqanları Putinin siyasətinə müxalif olanları, bir-bir məhv edir. Həmin şəxslər xaricdə də olsalar, onlara qarşı təhdidlər, qətillər törətməkdən çəkinmirlər.
Bu səbəbdən hesab edirəm ki, Rusiyada hazırda doğrudan da müxalifət yoxdur və onlar Putinin siyasətinə qarşı heç nə edə bilmirlər.
Ancaq xaricdən müəyyən aksiyalar keçirirlər, müəyyən müsahibələr verirlər. Bunun isə əhəmiyyəti yoxdur.
Yəni belə faktlar çoxdur və bu, indiki Rusiyanın reallığıdır”.
Safura Bənnayeva
Globalinfo.az