Finlandiya yenidən dünyanın ən xoşbəxt ölkəsi seçilib. Son 9 ildir bu istiqamətdə liderliyini qoruyur. 147 ölkənin yer aldığı siyahıda isə Azərbaycan 102-ci yerdə qərarlaşıb. İlk sıralarda əsasən Skandinaviya və Şimali Avropa ölkələri yer alıb.
Finlandiyanı xoşbəxt edən əsas amil nədir? Günəşli, dörd fəsli doya-doya yaşayan ölkələrin insanları nədən xoşbəxt ola bilmir? Yoxsa bu siyahı da bəzi güclərin süni təbliğatıdır?
Globalinfo.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (İB) sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, xoşbəxtliklə bağlı müəyyən amillər, dəyərlər və qəbul edilən standartlar var:
“Bunlara cavab verən ölkələrin sayı çox deyil. Finlandiya əhalisinin böyük hissəsi özünü xoşbəxt hiss etməsə belə, ölkənin təhsil sistemi, pensiya təminatı, yüksək əməkhaqqı, şəhərlərin, havanın təmizliyi, uzun müddət müharibə yaşamaması, ərazisinin böyük hissəsinin meşələrlə örtülməsi və bunun nəticəsində ekoloji vəziyyətin yaxşı olması bu göstəriciyə təsir edən amillərdəndir. Eyni zamanda, uşaqların sağlam, rahat mühitdə böyüməsi, qanunvericiliyin təkmilləşdirilməsi, demokratik islahatların inkişaf etdirilməsi, seçkilərin şəffaf keçirilməsi, dövlət orqanlarının əlçatanlığı və elektron xidmətlərin geniş tətbiqi də mühüm rol oynayır. İşsizliyin aşağı olması və kriminal vəziyyətin qənaətbəxş səviyyədə olması da ölkənin xoşbəxtlik göstəricilərinə təsir edir. Finlandiyalılar minimalist həyat tərzi, təbiətlə harmoniyada yaşamaq və sosial konfliktlərdən uzaq olmaları ilə seçilirlər. Ölkədə terrorizm və kriminal səviyyənin aşağı olması da ümumi sosial mühitə təsir edir. Hətta həbsxanalarda belə məhbusların cəmiyyətə yenidən inteqrasiyasına yönəlmiş geniş imkanlar yaradılır. Müəyyən hallarda yaxşı davranış göstərən, təhsil alan və müsbət nəticələr əldə edən məhbuslara həbsxanadan kənarda vaxt keçirmək imkanı da verilir. Bütün bunlar insanların özlərini daha təhlükəsiz və rahat hiss etməsinə şərait yaradır”.

Aydın Xan Əbilov
Kultroloq bildirib ki, Afrika və Asiyanın bir sıra ölkələrində münaqişələr, sosial problemlər, dini fanatizm, aclıq, müxtəlif epidemik xəstəliklər, avtoritar idarəçilik, demokratik institutların zəifliyi, şəhərlərin çirklənməsi, havanın keyfiyyətinin aşağı olması, meşələrin qırılması kimi problemlər var:
“Belə şəraitdə həmin ölkələrin əhalisinin özünü yüksək səviyyədə xoşbəxt hiss etməsi çətinləşir. Bu baxımdan, xoşbəxtlik göstəricilərini yalnız süni təbliğat kimi qiymətləndirmək doğru deyil. Bu amil, o zaman gündəmə gələ bilər ki, oxşar sosial-iqtisadi və institusional imkanlara malik ölkələrdə əhali özünü eyni səviyyədə xoşbəxt hiss etməsin. Böyük Britaniya, Fransa, ABŞ və Avropanın digər varlı ölkələrində də yüksək həyat standartları mövcuddur. Lakin miqrasiya, sosial inteqrasiya, kriminal vəziyyət və maraqların toqquşması kimi müxtəlif problemlər həmin ölkələrin əhalisinin xoşbəxtlik səviyyəsinə təsir göstərir.
Finlandiyada seçkilərlə bağlı ciddi konfliktlərin və kütləvi etirazların az olması da diqqət çəkir. Ölkədə elektron imkanlardan geniş istifadə edilir və vətəndaşların dövlət idarəçiliyində iştirakı müxtəlif mexanizmlərlə təmin olunur. Yerli, regional və ölkə səviyyəsində keçirilən müxtəlif səsvermələr, referendumlar vasitəsilə sosial problemlərin həlli, seçkilər, hakimiyyətin dəyişdirilməsi və dövlət orqanlarına nəzarətlə bağlı məsələlər müzakirəyə çıxarılır”.
İB sədri qeyd edib ki, Finlandiya rəqəmsallaşma, internet texnologiyaları, süni intellekt və yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi baxımından da inkişaf etmiş ölkələrdəndir:
“Orqanik ərzaq istehsalı, balıqçılıq, kənd təsərrüfatı, toxumçuluq və meşə təsərrüfatı kimi sahələr də ölkə iqtisadiyyatında mühüm yer tutur. Finlandiya, Norveç və İsveç kimi ölkələr iqlim şəraitinin çətinliyinə baxmayaraq, bu sahələrdə yüksək nəticələr əldə edir və ixracdan ciddi gəlirlər qazanırlar. İnsanların öz işlərini görərkən bundan məmnunluq duyması da sosial rifaha təsir edən amillərdəndir.
Yaxın gələcəkdə Azərbaycanın da Finlandiya kimi ilk onluqda yer almasını arzulayardım. Azərbaycanda insanlar fərdi olaraq xoşbəxt ola bilirlər. Lakin ictimai varlıq və dövlətçilik atributlarının subyektlərindən biri kimi onlar xoşbəxtliyi daha çox maddi imkanlarda, var-dövlətdə və gəlirlərdə görürlər. İstənilən müqayisə və təsnifat müəyyən dərəcədə subyektivdir. Lakin bu təsnifat artıq müəyyən obyektiv meyarlara əsaslanır. Finlandiyanın xoşbəxt ölkə kimi qiymətləndirilməsi beynəlxalq və qlobal həyat dəyərlərinin bir çoxunu özündə ehtiva edir. Ona görə digər ölkələr də öz inkişaflarını bu dəyərlərlə uyğunlaşdırmağa çalışırlar”.
Ləman İmran
Globalinfo.az