fransa

Fransada təhsil sahəsindəki problemlərə qarşı keçirilən etiraz aksiyalarında gərginlik artıb, bəzi ərazilərdə hadisələr zorakılıqla müşayiət olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, aksiya iştirakçıları arasında məktəb direktoruna qarşı hücum cəhdi olub, həmçinin azı iki təhsil müəssisəsində yanğın baş verib.

Marseldə yerləşən “Saint-Exupery” liseyində yanğının söndürülməsi üçün əraziyə gələn yanğınsöndürənlərin qarşısı yüzlərlə gənc tərəfindən kəsilib. Məlumata görə, yanğınsöndürənlər nəqliyyat vasitəsini tərk etməyə məcbur olub, daha sonra avtomobil yandırılıb.

Etirazların əsas səbəbləri sırasında müəllim çatışmazlığı, siniflərdə şagird sayının çoxluğu, dərs saatlarının uzunluğu və məktəb binalarının vəziyyəti ilə bağlı narazılıqlar göstərilir.

Fransanın daxili işlər naziri Laurent Nünez bildirib ki, aksiyalar zamanı 625 nəfər saxlanılıb. Etirazlar ölkə üzrə 356 məktəbin fəaliyyətinə təsir edib, 83 polis və jandarm əməkdaşı isə yaralanıb.

Əvvəlcə Paris və ətraf ərazilərdə başlayan aksiyalar daha sonra Fransanın digər bölgələrinə də yayılıb. Etirazlarda iştirak edən şagirdlər təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edir və aksiyaların məqsədinin vandalizm olmadığını bildirirlər.

Fransa Prezidenti Emmanuel Makron isə nümayişlər zamanı baş verən zorakılıq hallarını pisləyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: