Tramp 1 900x506 1

“İranın atəşkəs təklifini qəbul etmirik, çünki Tehranın irəli sürdüyü şərtlər kifayət deyil”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib.

O, mövqeyinin əvvəlki dövrlə müqayisədə dəyişdiyini vurğulayıb:

“Bir il əvvəl razılaşa biləcəyim şeyə bu gün artıq razılıq vermərəm. İranın təklifləri arasında Hörmüz boğazının açılması da olub. Lakin  bu mümkün razılaşma üçün yetərli deyil. Onlar boğazı açmağı təklif etdilər. Təklifin bəzi elementlərini gördünüz, amma hamısını yox. Bu kifayət deyil. Hətta yaxın belə deyil”.

ABŞ lideri İranla münaqişənin gözləniləndən daha uzun davam etməsinə də toxunub:

“Əvvəlcə altı-səkkiz həftə davam edəcəyi nəzərdə tutulan hərbi kampaniya artıq yeddinci aya keçib. İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra əməliyyatı dayandırmaq imkanı olub, lakin o, hərbi fəaliyyəti davam etdirməyə üstünlük verib”.

Tramp B-2 bombardmançıları ilə İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra əməliyyatın başa çatdırıla biləcəyini, lakin İranın nüvə potensialının başqa formada yenidən bərpa olunmasına imkan vermək istəmədiyini bildirib.

Hörmüz boğazındakı vəziyyətə də münasibət bildirən Tramp İranın boğazı bağlamaqla bağlı hədələrindən sonra ABŞ-ın burada nəzarəti ələ aldığını iddia edib:

“Onlar dedilər: “Biz onu bağlayacağıq”. Mən dedim ki, əgər onu bağlasanız, böyük problemləriniz olacaq. Biz onu nəzarətə götürdük”.

ABŞ Prezidenti əlavə edib ki, İran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır.

Bununla belə, Tramp özünün daha geniş və onun ifadəsi ilə “əsl sövdələşmə” əldə etmək istədiyini bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: