nato

“ABŞ müdafiəyə çox vəsait xərcləyən bəzi Avropa NATO ölkələrini Alyansın gələcəyi ilə bağlı Pentaqonun keçirəcəyi görüşə dəvət etməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Bildirilib ki, gələn ay Polşada keçirilməsi planlaşdırılan və ABŞ müdafiə nazirinin müavini Elbric Kolbinin rəhbərlik edəcəyi görüş NATO-nun gələcəyi ilə bağlı işçi qrupunun toplantısı olacaq.

Lakin Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr görüşə dəvət almayıb.

“Politico” yazır ki, bu ölkələr müdafiəyə əhəmiyyətli vəsait xərcləyir və Alyansda mühüm rol oynayırlar.

Sözügedən dövlətlərin diplomatları onların niyə görüşdən kənarda saxlanıldığını anlamadıqlarını bildiriblər.

Onlar Ağ Ev administrasiyasının NATO daxilində onsuz da mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirə biləcək qərəzli mövqe nümayiş etdirib-etdirmədiyini sorğulayırlar.

Materialda qeyd olunur ki, Alyans Rusiya ilə bağlı proseslər və silah ehtiyatlarının tükənməsi fonunda müəyyən çətinliklərlə üzləşir.

Görüşə dəvət edilməyən ölkələrdən birinin nümayəndəsi deyib:

“Biz bizdən tələb olunan hər şeyi edirik. Görüşlərin keçirilməsində hansı meyarların əsas götürüldüyünü və məqsədin nə olduğunu anlamağa çalışırıq. Hələlik bizə çox az məlumat verilib”.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: